Vaşinqton administrasiyasının rəsmiləri bu həftə ABŞ prezidenti Donald Trampa İrana qarşı hərbi güc tətbiqi ilə bağlı yeni təkliflər təqdim edəcəklər.
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Mənbələrinin verdiyi məlumata görə, bu ayın əvvəlində Tramp ölkədəki etirazlara cavab olaraq İran ərazisinə zərbələr endirməyə yaxın olub. Bunun əvəzinə, o, qərarı təxirə salıb və eyni zamanda hərbi qüvvələri bölgəyə yerləşdirib.
"Ağ Ev rəsmiləri bildirirlər ki, İranda etirazlar əsasən yatırılsa da, nümyişlər hələ də nəzərdən keçirilir. Tramp hələlik İrana qarşı zərbələrin endirilməsi ehtimalı ilə bağlı yekun qərar verməyib. O, çox güman ki, bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona hərbi güc tətbiqi üçün əlavə variantlar təqdim olunacaq", - deyə nəşr bildirib.
Bu arada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "USS Abraham Lincoln" nüvə aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupunun Hind okeanı akvatoriyasında olduğunu təsdiqləyib. Bildirilib ki, aviadaşıyıcı tapşırıqlar yerinə yetirir və dənizçilər planlı texniki xidmət işləri həyata keçirirlər.
Tramp daha əvvəl "Axios"a verdiyi müsahibədə ABŞ-nin İran yaxınlığında böyük qüvvələr topladığını bildirib, Tehranın Vaşinqtonla dialoqa və potensial razılaşmalara hazır olduğuna əminliyini ifadə edib.
Yanvarın 23-də Tramp ABŞ-nin İranı izlədiyini və bölgəyə əhəmiyyətli qüvvələr yerləşdirdiyini açıqlayıb. O, bu istiqamətdə çoxlu gəmi, böyük bir donanma hərəkət etdiyini bildirib. Amerika lideri əvvəllər İrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib.
Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ordunun ABŞ qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izlədiyini və müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər gördüyünü bildirib.