Fələstinin radikal HƏMAS hərəkatının 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra Yaxın Şərqdəki Amerika hərbi kontingentinin sayının artırılması 1,6 milyard dollara başa gələ bilər.
“Report” xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ qanunvericiləri 2023-cü il oktyabrın 1-dən başlayan cari maliyyə ili üçün hələ tam büdcəni qəbul etmədikləri üçün Müdafiə Nazirliyində belə vəsait yoxdur. Konqres indi müvafiq vəsait ayırmaq üçün imkanlar axtarır.
Pentaqondan qanunvericilərə göndərilmiş sənədə əsasən, 1,6 milyard dollara bölgəyə daha çox gəmi, döyüş təyyarəsi və avadanlıq göndərilməsi və onların dörd ay orada saxlanılması xərcləri daxildir. Bu məbləğə ABŞ ordusunun Yəməndəki husilərin mövqelərinə hücum etmək və Qırmızı dənizdəki dronlarını və raketlərini məhv etmək üçün istifadə etdiyi raketlərin dəyəri daxil deyil, çünki bu cür hesablamalar üçün hələ yetərli məlumat yoxdur. Hərbi inkişafa xərclər bütün il ərzində 2,2 milyard dollara qədər arta bilər.
HƏMAS-ın hücumundan sonra ABŞ Yaxın Şərqə əlavə aviadaşıyıcı zərbə qrupu, desant gəmiləri, döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və yüzlərlə hərbçi göndərib. Əvvəlcə bu qüvvələr münaqişəyə qarışa biləcək digər qruplaşmaların qarşısını almaq üçün, daha yaxınlarda isə Qırmızı dənizdəki gəmiləri husilərin hücumlarından qorumaq üçün yerləşdirilib.
Qanunvericilər tam bir il üçün büdcəni hələ razılaşdırmadıqları üçün Müdafiə Nazirliyinin planlaşdırılmamış əməliyyatlar üçün ödəməyə pulu yoxdur.
Bizim Telegram kanalımıza abunə olun