Avropa İttifaqı Şimal dənizindəki alternativ və əlçatan enerji istehsalının yüksək potensialı sayəsində gələcəkdə Rusiyanın enerji resurslarından tamamilə imtina edə bilər.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yorqensen III Şimal dənizi sammitinin keçirildiyi Hamburqda mətbuat konfransında deyib.
"Bildiyiniz kimi, biz artıq Şimal dənizində böyük həcmdə külək enerjisi istehsal edirik, lakin bunu artırmaq üçün potensial var. Bu prosesi sürətləndirmək üçün Böyük Britaniya və Aİ üzvü dövlətlərindəki dostlarımızla birlikdə çalışmalıyıq", - o bildirib.
Komissar əlavə edib ki, blok bu məsələləri 2025-ci ilin Milad bayramı ərəfəsində təqdim olunmuş enerji şəbəkələrinin inkişafı üzrə tədbirlər paketi vasitəsilə həll etməyə çalışır.
Yorqensen hesab edir ki, bu, ölkələr arasında enerji əlaqələrinin yaradılmasını sürətləndirəcək və gələcəkdə rəqabət qabiliyyətini qorumaq üçün enerji resurslarının qiymətlərinin azalmasına kömək edəcək.
Onun sözlərinə görə, Rusiyanın enerji idxalından imtina asan məsələ deyil, Aİ-nin enerji idxalının 13 %-ni Rusiyadan alınan resurslar (2022-ci ildəki 45 %-ə qarşı) təşkil edir.
Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Edvard Milibend qeyd edib ki, hazırkı qeyri-sabit dünyada təmiz enerji enerji təhlükəsizliyinin açarıdır:
"Rusiyanın Ukraynaya hücumu təkcə təcavüz aktı deyil, o, bütün Avropada iqtisadiyyatın və enerji bazarının sabitliyini pozub. Aydındır ki, müasir dünyada bizə təmiz enerji təkcə dekarbonizasiya, iş yerlərinin yaradılması üçün deyil, həm də standart enerjini təminatı üçün lazımdır".
"Böyük Britaniya üçün dəniz külək enerjisinin inkişafı gələcəyin təmiz enerji sisteminin əsasıdır. Hamburq bəyannaməsi (sammitin nəticələrinə görə imzalanıb - red.) Şimal dənizini təmiz enerji mərkəzinə çevirmək işinə ümumi sadiqliyimiz haqqında son dərəcə vacib bəyanatdır", - , - o vurğulayıb.
Milibendin fikrincə, Böyük Britaniya üçün külək enerjisi enerji təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyətə malikdir:
"Düşünürəm ki, dəniz külək enerjisi qaliblər üçündür. Hesab edirəm ki, o, Böyük Britaniyada 12 milyon evi əhatə edəcək və yalnız son hərracımız (dəniz külək enerjisi təchizatı üzrə) sayəsində biz fosil yanacaqlarının burulğanından çıxa biləcəyik".
ABŞ Prezidenti Donald Trampın külək enerjisindən istifadə edən ölkələrin pis yaşadığı barədə bəyanatını şərh edən Almaniyanın federal iqtisadiyyat və enerji naziri Katerina Rayxe deyib ki, Hamburqdakı sammit bu iddiaya əla cavabdır, çünki burada təkcə Aİ ölkələri deyil, həm də Böyük Britaniya, Norveç, İslandiya da iştirak edir.
Yorqensen əlavə edib ki, fosil yanacaqları almağa hər il 400 milyard avro xərcləmək məqsədəuyğun deyil. O həmçinin ekspertlərə, ilk növbədə təmiz enerjini rəqabətqabiliyyətliliyin vacib elementi adlandıran İtaliyanın keçmiş baş naziri Mario Draqinin hesabatına müraciət etməyi məsləhət görüb.
Beləliklə onlar hesab edir ki, Avropa dövlətləri bəzi məsələlərdə ABŞ ilə razılaşmaya bilər, lakin onları ümumi maraqlar və baxışlar, o cümlədən, Amerika LNG-nin (mayeləşdirilmiş təbii qaz) alınması məsələsi birləşdirir.