Son günlər sosial şəbəkələrdə boyun nahiyəsinə ətir vurmağın zərərli olması ilə bağlı müzakirələr yayılıb. İddialara görə, boyun birbaşa qalxanabənzər vəzin üzərində yerləşdiyi üçün bu nahiyəyə parfüm püskürtmək hormon istehsalını poza və sağlamlıq problemlərinə yol aça bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Los-Ancelesli həkim Eleonora Fedonenkonun fikrincə, boyuna ətir vurmaq hormonlardan daha çox dermatoloji problemlərə səbəb olur.
Həkimin sözlərinə görə, boyuna ətir vurulduqda “Sivatt poikilodermiyası” adlı vəziyyətin yaranma riski artır. Bu, dəridə rəng dəyişikliyi ilə müşahidə olunan bir problemdir və ətirdəki kimyəvi maddələrin havadakı ultrabənövşəyi şüalarla reaksiyası nəticəsində meydana çıxır.
Fedonenko qeyd edib ki, bu maddələr UV işığı ilə təmasda olduqda dəridə qızartı və piqmentasiya ilə müşayiət olunan ləkəli görüntü yaradır və həmin izlər dərinin qatlarında daha da nəzərə çarpır.
Həkim əlavə edib ki, onun müşahidələrinə əsasən, boyun nahiyəsində günəş zədələnməsi üzə nisbətən təxminən 15,5 faiz daha güclü olur. Bunun əsas səbəbi isə insanların boyun bölgəsinə lazımi qədər diqqət ayırmamasıdır.
Mütəxəssis vurğulayıb ki, boyun ətrafındakı dəri çox nazikdir və burada yağ vəziləri az olduğuna görə kimyəvi qıcıqlanmadan sonra bərpa prosesi daha çətin gedir. Halbuki əllərdə və ya baş dərisində dəri daha qalın olduğu üçün bərpa daha sürətli olur.
Kanadalı həkim Rron Beytullahu da Fedonenkonun fikirlərini dəstəkləyərək bildirib ki, boyuna ətir vurmaq piqment dəyişikliklərinə səbəb ola bilər və bu izlər aylarla davam edə bilər.
Onun sözlərinə görə, bu nahiyədə dəri nazikdir, qan damarları çoxdur və günəşə tez-tez məruz qalır. Bu səbəbdən də daha çox nəmi özünə çəkir və asan qıcıqlanır.
Həkim qeyd edib ki, tibbi baxımdan əsas problem fotoreaksiyalardır. Yəni ətirli maddələr günəşlə birlikdə istifadə edildikdə qızartı, rəng dəyişikliyi və bir neçə ay davam edən uzunmüddətli piqmentasiya yarada bilər.
Beytullahu əlavə edib ki, boyuna vurulan ətir eyni zamanda iri qan və limfa damarlarına da təsir göstərir. Hərçənd təsir səviyyəsi aşağıdır, lakin təkrar təmas kontakt dermatit, yanma hissi və gecikmiş həssaslıq reaksiyalarına səbəb ola bilər.
Mütəxəssislər boyuna ətir vurmaq əvəzinə, ətiri geyim üzərinə və ya günəş şüalarına daha az məruz qalan bədən nahiyələrinə püskürtməyi tövsiyə edirlər.
ətir sağlamlıq