Macarıstan Rusiya qazından tam imtinanı nəzərdə tutan "REPowerEU" planı haqqında qərarın dərc olunmasından dərhal sonra Avropa İttifaqı Məhkəməsində iddia qaldıracaq.
"Report" xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri Peter Siyarto "X" sosial şəbəkəsində yazıb.
"Macarıstan "REPowerEU" ilə bağlı qərarın dərc olunmasından dərhal sonra Aİ Məhkəməsində iddia qaldıracaq. Biz onun ləğvinə nail olmaq üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik", - o yazıb.
Siyarto vurğulayıb ki, Aİ qaydalarına uyğun olaraq enerji balansının formalaşdırılması hər bir üzv dövlətin milli məsələsidir.
"Rusiyadan neft və qaz alışına qoyulan qadağa Macarıstanın milli maraqlarına ziddir və macar ailələri üçün enerji dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq", - XİN başçısı deyib.
Qeyd edək ki, bu gün Aİ-nin 27 üzv dövləti Rusiya boru kəməri və mayeləşdirilmiş təbii qazının (LNG) Aİ-yə idxalının tədricən dayandırılması haqqında reqlamenti rəsmi qaydada qəbul edib.