Mikelancelo Buonarroti (1475–1564) Renessans dövrünün ən böyük rəssamlarından birinə çevrilməzdən əvvəl adi 12 yaşlı bir oğlan idi. Əlbəttə ki, onun uşaqlığı bu gün təsəvvür etdiyimizdən fərqli idi.
Lent.az xarici mediaya istinadla Mikelancelo haqqında məlumatı təqdim edir.
Hələ o yaşda o, tamamilə rəsm və boyakarlığa qərq olub, digər ustaların əsərlərini öyrənib. Xüsusilə, XV əsr alman rəssamı Martin Şonqauerin “Müqəddəs Antoninin demonlar tərəfindən işgəncəyə məruz qalması” adlı qravürasına diqqət yetirib.
Lakin əksər yeniyetmələrdən fərqli olaraq, Mikelancelo sadəcə şəkli köçürməklə kifayətlənməyib - o, bu səhnəni tempera boyası ilə taxta panel üzərinə köçürüb və bunu elə ustalıqla edib ki, gənc rəssamın üslubu dərhal onun istedadını ortaya qoyub.
Bu, Mikelancelonun ən erkən məlum olan rəngkarlıq əsəri “Müqəddəs Antoninin işgəncəsi”dir. Təxminən 1487–1488-ci illərdə, onun 12 və ya 13 yaşı olarkən yaradılıb.
Əsərin müəllifliyi uzun müddət naməlum qalıb: yalnız 2008-ci ildə hərracda satıldıqdan sonra mütəxəssislər saralmış lak qatını və sonradan edilmiş uğursuz düzəlişləri təmizləyə biliblər. Restavrasiya nəticəsində unikal rəng palitrası və qeyri-adi dərinlik üzə çıxıb ki, bu da gələcək dahinin əl izini göstərib.
Məhz restavrasiyadan sonra bir çox sənətşünaslar, o cümlədən Metropoliten Muzeyinin uzun illər kuratoru olmuş Everet Feyy də əminliklə bildirib ki, bu tablo Mikelanceloya məxsusdur. Bundan əvvəl isə əsər böyük florensiyalı rəssam Domeniko Qirlandayonun emalatxanasına aid hesab olunub. Mikelancelo həmin emalatxanaya 1488-ci ildə şagird kimi qoşulub.
Bərpadan sonra üzə çıxan unikal kompozisiya və sənətşünas-restavrator Corco Bonsatinin ekspert rəyi mütəxəssisləri inandırıb ki, bu, həqiqətən də Mikelancelonun işidir. Bu gün əsər Fort-Uert şəhərindəki Kimbell Muzeyinin kolleksiyasında saxlanılır və Şimali Amerikanın ictimai muzey kolleksiyalarında Mikelancelonun nümayiş olunan yeganə əsəri sayılır.
Tablonun süjeti IV əsrdə Afanasi Aleksandriyalı tərəfindən təsvir olunan Müqəddəs Böyük Antoninin həyatına əsaslanır. Hekayənin bir epizodunda misirli zahid bir görüntü görür: o, havada levitasiya edir və demonların hücumuna məruz qalır, lakin onların əzablarına dözür. Kimbell Muzeyinin məlumatına görə, Mikelancelonun müasirləri Askanyo Kondivi və Corco Vazari yazıblar ki, rəssam demonik varlıqları daha inandırıcı etmək üçün bazarda balıqların parlaq pulcuqlarını və digər hissələrini diqqətlə öyrənib.
Çox güman ki, Mikelancelonun özü, mükəmməlliyyətçi xarakterinə görə, bu “həvəskar” işi ilə adını bağlamaq istəməzdi. Bu da tablonun uzun müddət emalatxanaya aid edilib, ustanın özünə aid sayılmamasının səbəblərindən biri ola bilər. Amma sənətşünaslar və rəssamın yaradıcılığının pərəstişkarları üçün bu əsər onun ilk illərinə nəzər salmaq, sonradan sənət tarixini dəyişəcək istedadın necə formalaşdığını görmək üçün unikal fürsətdir.
Mikelancelo Buonarroti Renessans