IMG-LOGO

Qətər İnkişaf Fondu TIF ilə birgə türkdilli ölkələrdə enerji layihələrini maliyyələşdirməyə hazırdır

26 Jan 2026 14:39 2 baxış
IMG

Qətər İnkişaf Fondu (QFFD) Türk İnvestisiya Fondu (TIF) ilə türkdilli ölkələrdə, ilk növbədə, Mərkəzi Asiya ölkələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bunu QFFD-nin baş direktoru Fahad Hamad Al-Sulaiti TIF-in prezidenti Bağdad Amreyevlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ilk öncə enerji, təbii sərvətlər və ixracın təşviqi sahəsində layihələrə diqqət yetiriləcək.

Öz növbəsində, B.Amreyev praktiki əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bildirərək, qarşılıqlı fəaliyyəti birgə layihə portfelinin formalaşdırılması, sonradan strukturlaşdırma və birgə maliyyələşdirmə əsasında qurmağı təklif edib. O, həmçinin QFFD və TIF-in qısamüddətli və ortamüddətli perspektivdə birgə fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Görüşün sonunda tərəflər texniki səviyyədə əməkdaşlıqla bağlı razılığa gəliblər. İlk addım olaraq anlaşma memorandumu imzalanacaq, daha sonra hər iki təşkilatın prioritetlərinə uyğun ilk pilot layihələr paketinin hazırlanmasına keçid planlaşdırılır.

Bundan əlavə, tərəflər TIF üçün hədəf bölgəsində əməkdaşlıq inkişaf etdikcə Ərəb Koordinasiya Qrupunun platforması vasitəsilə fəaliyyətlərini əlaqələndirmək niyyətindədirlər.

Xatırladaq ki, Türk İnvestisiya Fondunun yaradılması haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 9-cu Zirvə toplantısında qəbul edilib, TİF-in yaradılması haqqında saziş Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən 16 mart 2023-cü ildə Ankarada TDT-nin fövqəladə sammitində imzalanıb və 24 fevral 2024-cü ildə qüvvəyə minib.

Macarıstanın qoşulmasından sonra Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları artaraq 600 milyon ABŞ dollarına çatıb. Əvvəllər bildirilmişdi ki, TİF növbəti beş il ərzində kapitalını daha da artırmağı planlaşdırır.

Xəbər lenti