IMG-LOGO

SOCAR qazma əməliyyatlarında yeni rekord göstərici əldə edib

26 Jan 2026 11:42 3 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Kompleks qazma işləri" tresti (KQİT) bu ilin plan-qrafikinə uyğun olaraq növbəti qazma əməliyyatı həyata keçirərək, 2025-ci ildə əldə etdiyi rekordu yeniləyib.

"Report" KQİT-ə istinadən xəbər verir ki, "Qərbi Abşeron" yatağında yerləşən 28a saylı yan lülə quyusu SOCAR tarixində bu günədək ən uzun horizontal açıq lüləylə (522 metr) tamamlanan quyu kimi qeydə alınıb.

Bundan əvvəlki rekord göstərici (515 metr) 2025-ci ilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda qeydə alınıb. Bununla KQİT, yeni bir rekorda imza atıb.

Quyuda qazma prosesi Geoloji Xidmət tərəfindən təqdim edilmiş faktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğun olaraq geonaviqasiya müşayiəti (geosteering) xidməti formatında həyata keçirilib.

Xəbər lenti