IMG-LOGO

Trampın İlham Əliyevlə təkbətək görüşü: Azərbaycan liderinin qlobal məsələlərdə rolunun təsdiqi - ŞƏRH

24 Jan 2026 16:27 2 baxış
IMG

Davos Forumu 2026-cı ilin yanvar ayında dünya gündəmini zəbt edən əsas məsələlərdən oldu. Maraqlıdır ki, budəfəki görüş zamanı Davos təkcə iqtisadi yox, eyni zamanda, strateji geosiyasi əhəmiyyət kəsb edən problemlərin də müzakirə edildiyi bir platforma oldu. Bu forum çərçivəsində iqlim dəyişikliyi, regional münaqişələr, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və qlobal sülh təşəbbüsləri kimi mövzular əsas müzakirə xəttini təşkil etdi.

Davos Forumunda ABŞ Prezidenti Donald Trampın cəmi iki liderlə - Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirməsi də diqqətçəkən əsas məqamlardan biri oldu. Bu iki görüş və aparılan müzakirələr rəsmi Vaşinqtonun prioritetlərini üzə çıxarır. Yəni, əgər Ukrayna problemi ABŞ üçün nə qədər vacibdirsə, Azərbaycanla əməkdaşlıq da eyni səviyyədə strateji əhəmiyyət daşıyır. Bu prioritetlər isə Donald Tramp administrasiyasının Bayden hakimiyyətindən fərqli olaraq, regiondakı sülhü təmin etmək, enerji təhlükəsizliyini möhkəmləndirmək, Cənubi Qafqaz və region məsələsində kilid ölkənin Azərbaycan olduğu həqiqətini qəbul etmək məqsədini ortaya qoyur.

Trampın İlham Əliyevlə görüşü təkcə Bakı-Vaşinqton münasibətlərini gücləndirmir, eyni zamanda, Azərbaycanın qlobal problemlərin həllində etibarlı və strateji tərəfdaş kimi tanındığını da təsdiqləyir. Bu yanaşmanın isə Davos kimi mötəbər bir forumda məhz ABŞ Prezidenti tərəfindən sərgilənməsi Azərbaycanın regional və qlobal arenada etibarını daha da möhkəmləndirir.

İki liderin Davos çərçivəsində görüşü, əslində, rəsmi diplomatik təmas deyil. Trampın Azərbaycan liderinə göstərdiyi bu diqqət ölkənin qlobal idarəçilikdə artan nüfuzunun açıq göstəricisidir. Xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan və ABŞ prezidentləri arasında bir il ərzində keçirilən görüşlərin sayı və intensivliyi İlham Əliyevin artıq təkcə regional lider statusunda olmadığını göstərir. Azərbaycan lideri həm də qlobal problemlərin həllində birbaşa dialoqa cəlb olunur.

Xüsusilə, diqqətçəkən məqam ondan ibarətdir ki, belə təmasların əksəriyyəti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü və dəvəti ilə baş tutub. Tramp administrasiyası dövründə İlham Əliyev ABŞ-nin təşəbbüsü ilə keçirilən beynəlxalq forumlara, təhlükəsizlik və enerji gündəmli yüksək səviyyəli tədbirlərə dəvət olunub və bu platformalarda ABŞ Prezidenti ilə birbaşa fikir mübadiləsi aparıb. Bundan əlavə, tərəflər arasında baş tutan telefon danışıqları və məktublaşmalar, beynəlxalq tədbirlər çərçivəsində təşkil edilən xüsusi görüşlər Vaşinqtonun Azərbaycan Prezidentini yalnız regional lider kimi deyil, qlobal siyasi dialoqda etibarlı tərəfdaş kimi qəbul etdiyini nümayiş etdirir. Tramp tərəfindən ünvanlanan rəsmi dəvətlər və təşəbbüslər İlham Əliyevin ABŞ-nin qlobal gündəliyində mühüm yer tutduğunu və onun mövqeyinə xüsusi önəm verildiyini təsdiqləyir.

Ölkə başçıları arasındakı təmaslar da konkret bir və ya iki mövzu, yaxud iqtisadi əməkdaşlıq üzərində qurulmayıb. Əliyev-Tramp təmasları məzmun baxımından geniş və çoxşaxəlidir. Məsələn, iki liderin müzakirə etdiyi mövzulara enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-logistika dəhlizləri, Cənubi Qafqazda sülh gündəliyi və qlobal təhlükəsizlik məsələləri daxildir. Elə Tramp tərəfindən Azərbaycanın "Sülh Şurası"na dəvət edilməsi, bu dəvətə müsbət cavab verilməsi də sonuncu fikri daha da qüvvətləndirir. Bu, Azərbaycanın post-müharibə və pandemiya dövründə atdığı strateji addımların məntiqi davamı da sayıla bilər.

Bunlardan əlavə, iki prezidentin görüşləri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi və regionun beynəlxalq iqtisadi sistemə inteqrasiyası kimi ciddi mövzular da müzakirə edilir. Eyni zamanda, Tramp-Əliyev dialoqu qlobal enerji bazarlarında sabitliyin qorunması, Avropanın enerji təhlükəsizliyi və ABŞ-nin yeni dünya iqtisadi düzəninə dair baxışları kontekstində aparılır. Bu təmaslar onu göstərir ki, Azərbaycan ABŞ üçün təkcə regional tərəfdaş deyil, həm də qlobal çağırışlar üzrə fikir mübadiləsi aparılan etibarlı siyasi aktordur.

Vurğulamaq lazımdır ki, Davos Forumunda onlarla dövlət və hökumət başçısı iştirak etsə də, Trampın Azərbaycan liderinə xüsusi diqqət yetirməsi onun beynəlxalq səviyyədə siyasi nüfuzunun günbəgün artmasından xəbər verir. Yuxarıda da qeyd edildiyi kimi, Tramp administrasiyası tərəfindən ABŞ-nin təşəbbüsü ilə yaradılmış bütün beynəlxalq platformalara dəvət edilmək İlham Əliyevin timsalında Azərbaycanın qlobal arenada aktiv və etibarlı tərəfdaş kimi qəbul edilməsindən xəbər verir.

Xatırlatmaq yerinə düşər ki, Donald Tramp beynəlxalq platformalarda liderlərlə təkbətək görüşlərə son dərəcə selektiv yanaşır. Bu reallıq fonunda İlham Əliyevlə müntəzəm və birbaşa təmaslar bu etibarın təsadüfi deyil, uzunmüddətli siyasi davranış və ardıcıl diplomatik xəttin nəticəsi olduğunu göstərir. Bu görüşlərdə İlham Əliyev regional proseslərin iştirakçısı kimi deyil, qlobal çağırışlar üzrə mövqeyi olan və strateji baxış təqdim edə bilən lider kimi qəbul olunur. Tramp administrasiyasının Azərbaycan Prezidentini mühüm beynəlxalq təşəbbüslər və qlobal gündəmlə bağlı müzakirələrə cəlb etməsi İlham Əliyevin dünya siyasətində "dinlənilən və nəzərə alınan" lider statusunu möhkəmləndirir.

Beləliklə, Əliyev-Tramp təmasları Azərbaycan Prezidentinin qlobal liderlər dairəsində formalaşmış şəxsi etibar kapitalının və beynəlxalq legitimliyinin açıq təzahürüdür.

Bu görüşlərin Azərbaycanın diplomatik gücünü və strateji mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyini də qeyd etmək lazımdır. Rəsmi Bakı artıq beynəlxalq arenada yalnız enerji resursları və iqtisadi layihələr vasitəsilə tanınan tərəfdaş kimi deyil, qlobal sülh və stabillik təşəbbüslərində fəal və məsuliyyətli iştirakçı kimi çıxış edir. Bakı müxtəlif beynəlxalq platformalarda dialoq, vasitəçilik və balanslaşdırılmış mövqe nümayiş etdirməklə etibarlı tərəfdaş imicini gücləndirir. Azərbaycanın regional münaqişələrin həlli, nəqliyyat-logistika dəhlizlərinin açılması və təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlı təşəbbüsləri onun strateji çəkisini artırır. Nəticə etibarilə, bu yanaşma Azərbaycanı qlobal siyasi sistemdə yalnız maraqlarını qoruyan deyil, həm də ümumi sabitliyə töhfə verən konstruktiv aktor kimi möhkəmləndirir.

Qısacası, Davos Forumu çərçivəsində Azərbaycan və ABŞ liderlərinin təmasları Azərbaycanın xarici siyasət və diplomatiyada yeni və üstün, strateji mərhələyə adlamasından xəbər verir. Bu görüşlər Vaşinqtonun Cənubi Qafqazda sülhün, enerji təhlükəsizliyinin və strateji sabitliyin təminində Azərbaycanı əsas tərəfdaş kimi qəbul etdiyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda, İlham Əliyevin bu formatlarda iştirakı onun şəxsi siyasi etibarının və strateji baxışlarının qlobal səviyyədə qəbul olunduğunu göstərir. Beləliklə, budəfəki Davos Forumu təkcə növbəti beynəlxalq forum deyil, Azərbaycanın qlobal idarəçilik sistemində mövqeyinin daha da möhkəmləndiyi, etibarlı və təsirli aktor kimi mövqeyinin təsdiqləndiyi mühüm siyasi mərhələ kimi tarixə düşür.

Kamil Məmmədov

Xəbər lenti