İspaniya Qazaxıstana vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə və vəzifə saxtakarlığında şübhəli bilinən keçmiş gömrük orqanları əməkdaşını təhvil verib. İttihama görə, o, səkkiz avtomobil sahibini 45 milyon təngədən (90 min dollar) artıq məbləğdə gömrük rüsumlarının ödənilməsindən qanunsuz azad edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın baş prokurorluğu bildirib.
Baş prokurorluğun və milli təhlükəsizlik komitəsinin korrupsiyaya qarşı mübarizə xidmətinin əməkdaşları Qazaxıstanın İspaniyadakı səfirliyinin köməyi ilə Barselonada üç ildən çox gizlənən və beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşını gətiriblər.
"O, 2020-ci ildə gömrük orqanlarının əməkdaşı olaraq, məlumat bazasına yanlış məlumatlar daxil etməklə, 8 avtomobil sahibini büdcəyə 45 milyon təngədən çox (90 min dollar) gömrük rüsumlarının ödənilməsindən qanunsuz azad etməkdə şübhəli bilinir", - məlumatda bildirilib.
İnterpolun sorğusu əsasında İspaniyada həbs edildikdən sonra o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda şübhəli şəxs Astana şəhərinin istintaq təcridxanasına yerləşdirilib.
Törədilmiş cinayətlərə görə əmlak müsadirəsi ilə yeddi ilədək azadlıqdan məhrumetmə, həmçinin müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan ömürlük məhrumetmə cəzası nəzərdə tutulub.