IMG-LOGO

Beynəlxalq məhkəmə Karapetyanın ailəsinin tələblərini rədd edib

23 Jan 2026 12:47 3 baxış
IMG

Stokholm arbitraj tribunalı "Ermənistan Elektrik Şəbəkələri" QSC ilə bağlı işi üzrə ev dustaqlığında olan iş adamı Samvel Karapetyanın ailəsinin irəli sürdüyü tələbləri tamamilə rədd edib.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, məhkəmə onların tələb etdiyi təminat tədbirlərinin əsassız olduğu qənaətinə gəlib.

"Stokholm arbitraj tribunalı 2025-ci il dekabrın 24-də "Liormand Holdings Limited", Samvel Karapetyan, Eteri Karapetyan, Sarkis Karapetyan və Karen Karapetyanın təqdim etdiyi ərizəni tamamilə rədd edib", - məlumatda bildirilib.

Ərizə çərçivəsində, digər tələblərlə yanaşı, Arbitraj Tribunalından "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin lisenziyasını və onun idarəetmə orqanları üzvlərinin səlahiyyətlərini bərpa etmək, həmçinin təyin edilmiş müvəqqəti idarəedicinin səlahiyyətlərinə xitam vermək tələb edilib.

Bundan əlavə, tribunaldan "Ermənistan Elektrik Şəbəkələri"nin səhmlərinin və ya digər aktivlərinin məcburi satışını, özgəninkiləşdirilməsini və ya başqa şəkildə sərəncam verilməsini qadağan etməsi istənilirdi.

Arbitraj tribunalı həmçinin qərara alıb ki, bu ərizənin baxılması ilə bağlı bütün xərclər tam olaraq iddiaçıların üzərinə düşür.

Xəbər lenti