Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvada ölkə lideri Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun başçılıq etdiyi Amerika nümayəndə heyəti arasında aparılan danışıqları şərh edib.
"Report"un Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Uşakov tərəflərin ərazi məsələsi həll olunmadan uzunmüddətli nizamlanmaya ümid etməyin mümkün olmadığını qeyd etdiyini vurğulayıb.
"23 yanvarda Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək", – deyə Rusiya Prezidentinin köməkçisi bildirib.
O əlavə edib ki, təhlükəsizlik üzrə işçi qrupuna Rusiyadan Müdafiə Nazirliyi rəhbərliyinin nümayəndələri daxil olub.
"Görüş ABŞ-nin Ukrayna və Avropa ilə təmaslarının nəticələri barədə məlumat əldə etməyə yönəlmişdi. Stiv Uitkoff və Cared Kuşner Donald Trampın Volodimir Zelenski ilə görüşündən aldıqları təəssüratlarını bölüşdülər", – yerli KİV Uşakovun sözlərini belə çatdırıb.