Gürcüstan hökuməti Tbilisidə 2024-cü ilin sonunda etirazçılara qarşı kimyəvi silahın tətbiq edilməsi ilə bağlı material yayımlayan BBC telekanalına qarşı rəsmi məhkəmə iddiası qaldırıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi LIVE" proqramında çıxışı zamanı deyib.
"Biz BBC-yə qarşı iddia qaldırmışıq və onların cavabını gözləyirik. Əgər lazımi reaksiya olmazsa, həm Britaniya tənzimləyicisi, həm də beynəlxalq məhkəmələr çərçivəsində mübarizəni davam etdirəcəyik. Həqiqəti qorumaq üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik", – deyə Kobaxidze vurğulayıb.
Baş nazir BBC-nin yayımladığı materialı tamamilə yalan və qəsdən təhrif olunmuş adlandırıb. Onun sözlərinə görə, reportajda səsləndirilən iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və bəzi məlumatlar açıq şəkildə fakt kimi təqdim edilib ki, bu da jurnalistika prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Hökumət başçısı əlavə edib ki, bir vaxtlar yüksək nüfuza malik olan BBC-nin bu cür addımı Gürcüstan hökuməti üçün qəbuledilməzdir və rəsmi Tbilisi bu məsələni hüquqi müstəvidə sonadək aparmaq niyyətindədir.