Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
“Report” xəbər verir ki, bu barədə Almatı Səhiyyə İdarəsi məlumat yayıb.
Məlumata görə, onlardan üçü binaların ikinci və üçüncü mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.
"Yanvarın 23-də saat 03:00-a (Bakı vaxtı ilə saat 00:00) Almatıda baş vermiş zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb. Onların hamısı dərhal şəhər xəstəxanalarına çatdırılıb. Üç nəfər isə yaşayış binalarının 2-ci və 3-cü mərtəbələrindən tullanarkən xəsarət alıblar”, - mətbuat xidmətinin məlumatında bildirilir.
Yaralı 3 nəfərdən ikisi müayinədən sonra ambulator müalicəyə göndərilib. İdarədən bildirilib ki, üçüncü xəstənin vəziyyəti ağır qiymətləndirilir, o, xəstəxanaya yerləşdirilib. Məlumata görə, daha 5 nəfər evdən qaçarkən xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə də göndərilib.
Qazaxıstanlı seysmoloqların məlumatına görə, Almatıda yeraltı təkanların gücü 5 maqnitudaya yaxın olub. Bir çox şəhər sakinləri daha sonra təkrar yeraltı təkanlardan qorxaraq evlərini tərk ediblər.
Bizim Telegram kanalımıza abunə olun