IMG-LOGO

Kuşner: Qəzzaya investisiyalar 40 milyard dolları ötəcək

22 Jan 2026 15:37 2 baxış
IMG

Qəzzanın bərpası üçün 40 milyard ABŞ dollarından çox investisiya yatırmaq planlaşdırılır.

"Report"un Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə amerikalı sahibkar, ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerin "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində təqdim etdiyi təqdimatda bildirilib.

Təqdimata görə, bərpa planı iş yerlərinin yaradılması, infrastrukturun inkişafı və Qəzza iqtisadiyyatının canlandırılması üçün genişmiqyaslı investisiyaları əhatə edir.

Xüsusilə, tikinti, kənd təsərrüfatı, sənaye, xidmət sahəsi və rəqəmsal iqtisadiyyatda 500 mindən çox yeni iş yerinin yaradılması üçün 10 milyard ABŞ dollardan çox vəsaitin ayrılması planlaşdırılır. Bundan əlavə, peşə məktəbləri və işçi qüvvəsinin yenidən hazırlanmasına 1,5 milyard dollardan, kommunal infrastrukturun və ictimai xidmətlərin modernləşdirilməsinə 25 milyard dollardan çox, kommersiya zonalarının inkişafı və biznes üçün mikro-qrantlar/kreditlərin verilməsinə isə 3 milyard dollardan çox vəsait ayrılması nəzərdə tutulur.

Proqnozlara görə, 2035-ci ilə qədər Qəzzanın gözlənilən ÜDM-i 10 milyard ABŞ dollarını, ev təsərrüfatlarının orta illik gəliri isə 13 min ABŞ dollarını keçə bilər.

Sülh Şurasının İcraiyyə Şurasının üzvü olan Kuşnerin sözlərinə görə, növbəti 100 gün ərzində Qəzzada infrastrukturun bərpası və xüsusi iqtisadi zonanın yaradılması, həmçinin humanitar yardımın davam etdirilməsi planlaşdırılır. Humanitar yardım Qəzzaya tam həcmdə göndəriləcək. Plan, həmçinin su təchizatı sisteminin, elektrik şəbəkələrinin və kanalizasiyanın yenidən qurulmasını, xəstəxanaların və çörəkxanaların işinin bərpasını, həmçinin yolları açmaq üçün avadanlıqların tədarükünü nəzərdə tutur.

Bundan əlavə, bölgə sakinləri üçün daimi mənzillər tikilənə qədər keçid dövründə müvəqqəti mənzillərin yaxşılaşdırılması nəzərdə tutulub.

Qəzzanın iqtisadiyyatının bərpası və canlandırılması üzrə iqtisadi planın hazırlanması nəzərdə tutulur. İnvestisiyaların cəlb edilməsi üçün təhlükəsizlik və idarəetmə çərçivələrinin sintezi, həmçinin Sülh Şurasına daxil olan ölkələrlə razılaşdırılacaq imtiyazlı tariflər və giriş rejimi ilə xüsusi iqtisadi zonanın yaradılması planlaşdırılır.

Xəbər lenti