Milli Məclisdə təhsil haqqında yeni qanun layihəsinin hazırlanması və müzakirəyə çıxarılması təklif olunub.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yeni qanun müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə almalıdır:
"Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən, yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır. Xüsusilə, elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm.
Deputat vurğulayıb ki, Azərbaycanda sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemi hələ də saxlanılıb:
"30 ildən çoxdur ki, Avropa təhsil sisteminə keçmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq müddət ərzində kitab kimi nəşr olunan, istinad edilən bir dənə də magistr dissertasiyası ortaya çıxarılmayıb. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?"
V.Qafarov hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi təklif edib:
"Elmi dərəcələrin və elmi adların verilməsi də hazırda ümumilikdə 4 mərhələdən ibarətdir. Bu mərhələlərin hər biri tədqiqatçının ən azı 4-5 və ya 6-7, bəzi hallarda 8-10 ilini alır. Tədqiqatçı bu mərhələləri bitirəndə artıq təqaüd yaşına çatır. Dünyada qəbul olunan norma bundan ibarətdir ki, tədqiqatçı ən geci 40-45 yaşına kimi bütün elmi mərhələləri keçib bir alim kimi tam formalaşmalı və bundan sonrakı dövrdə professor kimi elmə və təhsilə xidmət etməli, kadr hazırlığı ilə məşğul olmalıdır. Bizdə isə elm yolunda olan mərhələlər həm çoxdur, həm də bürokratik proses çox ağırdır".