Amerika ordusu NATO-nun üzvü olan şimal ölkələrinə nisbətən sərt soyuq şəraitdə əməliyyatlara daha az hazır olduqları üçün Arktikada təhlükəsizliyi təkbaşına təmin etmək iqtidarında deyil.
"Report" xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ilin mart ayında Norveçin şimalında keçirilən NATO-nun "Birgə Viking" təlimləri zamanı ABŞ nümayəndələri nəzərəçarpacaq çətinliklərlə üzləşiblər.
Nəşrin məlumatına görə, manevrlərin təşkilatçıları təlimlər zamanı düşmən rolunu oynayan Finlandiyanın ehtiyatda olan əsgərlərindən amerikalılara təslim olmalarını istəyiblər: "Finlərə amerikalıları məğlub etməyi dayandırmaq tapşırılıb, çünki bu, onları alçaldıcı və ruhdan salıcı təsirə malik olub".
Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisi üçün Finlandiyadan asılıdır: "Avropalıların lazımi təcrübəsi var. Əgər Tramp regionu qorumaq istəyirsə, Arktika müttəfiqlərini qıcıqlandırmaqla səhv yol tutur".