IMG-LOGO

Avstraliya parlamenti Sidney terrorundan sonra silahla bağlı sərt qanunları təsdiqləyib

21 Jan 2026 08:23 3 baxış
IMG

Avstraliya federal parlamenti hökumət tərəfindən təklif olunan, nifrəti cinayət hesab edən və odlu silah sahiblərinin hüquqlarını məhdudlaşdıran qanunları qəbul edib.

"Report"un məlumatına görə, Baş nazir Entoni Albanese bu barədə sosial şəbəkədə yazıb.

"Biz antisemitizmə qarşı mübarizə aparan və silah sahibi olmağı qadağan edən, silah sahibləri üçün tələbləri sərtləşdirən, hökumətin geri satınalma proqramını həyata keçirən yeni qanunlar qəbul etdik. Biz nifrətə qarşı belə mübarizə aparırıq və milli təhlükəsizliyimizi gücləndiririk", - Baş nazir bildirib.

Yeni qanunlar qəbul edildikdən sonra Avstraliya hökumətinə təşkilatları "ekstremist" və ya "nifrət dolu" kimi təyin etməyə və onlarla əlaqəli şəxsləri məsuliyyətə cəlb etməyə imkan verəcək. Bu cür qruplara üzv olmaq, tərəfdar toplamaq, ianə vermək və ya hər hansı digər dəstək cinayət əməli hesab ediləcək. Bundan əlavə, nifrət cinayətlərinə görə cəzalar sərtləşdiriləcək, ekstremist simvolların nümayiş etdirilməsinə qoyulan qadağa genişləndiriləcək və ekstremist ideyaları yayan, etnik nifrəti qızışdıran şəxslər üçün viza ləğvi proseduru sadələşdiriləcək.

Odlu silahla bağlı milli qanunvericilikdəki dəyişikliklər onların idxalını (həm biznes, həm də Avstraliya vətəndaşları tərəfindən) məhdudlaşdıracaq və silah sahiblərinə ciddi məhdudiyyətlər tətbiq edəcək, bəzi növlərini faktiki olaraq qadağan edəcək. Özəl mülkiyyətdə olan silahların ümumi sayını azaltmaq üçün hökumət bütün ştat və ərazi hakimiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək iki illik silahı geri alma (Gun Buyback Scheme) proqramını başladacaq.

Federal parlamentin hər iki palatasının dəstəyini qazanan qanun layihələrinin tezliklə general-qubernator Samanta Mostindən təsdiq alacağı və rəsmi olaraq qüvvəyə minəcəyi gözlənilir.

Xəbər lenti