Pentaqon rəhbərliyi ABŞ-nin Silahlı Qüvvələrinin NATO-nun təxminən 30 mexanizmində iştirakını azaltmağı planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə "The Washington Post" öz mənbələrinə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, bu addım təxminən 200 hərbi qulluqçuya təsir edəcək və ABŞ-nin müxtəlif döyüş sahələrində ittifaq qüvvələrini yetişdirən təkmilləşmə mərkəzləri də daxil olmaqla, təxminən NATO-nun 30 təşkilatında iştirakını azaldacaq. Pentaqon müddəti tədricən bitənlərin yerinə heyət göndərməməyi planlaşdırır ki, bu da prosesi illərlə uzada bilər.
Mənbələr ixtisarın enerji təhlükəsizliyi, dənizdə hərbi hərəkətlər, xüsusi əməliyyatlar və kəşfiyyat üzrə məsləhət qruplarına təsir edəcəyini vurğulayıblar. Bu addım bir neçə aydır, nəzərdən keçirilir, ABŞ və NATO müttəfiqləri arasında Qrenlandiya üzərində artan gərginliklə əlaqəli deyil.
Xatırlanır ki, 2025-ci ildə Pentaqon ABŞ ordusunun 101-ci Hava-Desant Diviziyasının briqadasını Rumıniyadan daimi bazasına geri çəkərək Kentukkiyə qaytarıb. 2025-ci ilin sonunda Konqres Avropada yerləşən ABŞ qoşunlarının sayının 45 gündən çox müddətə 76 000 nəfərdən aşağı endirilməsini qadağan edən müdafiə büdcəsini təsdiqləyib.