IMG-LOGO

İsrail XİN Qüdsdə UNRWA-nın bina kompleksinin müsadirəsini qanuni elan edib

21 Jan 2026 05:45 3 baxış
IMG

İsrail Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər Agentliyinin (UNRWA) ofisinin Qüdsdəki bina kompleksinin ələ keçirilməsinin qanuni olmasını israr edir.

"Report"un məlumatına görə, bu barədə İsrailin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

"Kompleks heç bir toxunulmazlığa malik deyil və onun İsrail hakimiyyəti tərəfindən müsadirəsi həm İsrail, həm də beynəlxalq qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Bugünkü (dünənki-red) addım yeni siyasət deyil, əksinə, UNRWA ilə bağlı mövcud İsrail qanunvericiliyinin tətbiqidir", - nazirlik bildirib.

XİN qeyd edib ki, UNRWA-nın İsraildəki fəaliyyəti bir il əvvəl qadağan edilib və kompleksin özü uzun müddət boş qalıb. "İsrail dövləti hazırda İsrailin Torpaq Resursları İdarəsinin fəaliyyət göstərdiyi Qüdsdəki bina kompleksinə sahibdir. UNRWA 2025-ci ilin yanvar ayında müvafiq qanun qəbul edilməzdən əvvəl də ərazidə fəaliyyətini dayandırıb və o vaxtdan bəri orada BMT-nin heç bir işçisi və ya fəaliyyəti olmayıb", - bəyanatda deyilir.

İsrail tərəfi bununla yanaşı, UNRWA ilə Fələstinin radikal hərəkatları HƏMAS və "İslam cihadı" arasında birbaşa əlaqələrin olması iddiasını təkrarlayıb. İsrail Xarici İşlər Nazirliyi iddia edib ki, "UNRWA əməkdaşları 7 oktyabr (2023-cü il) kütləvi qətllərdə və israillilərin qaçırılmasında iştirak ediblər. Təşkilatın işçilərinin çoxu HƏMAS və "İslam cihadı"nın terrorçularıdır, təşkilatın infrastrukturu tunel tikintisi, raket hücumları və terrorizm üçün istifadə olunub. UNRWA-HƏMAS çoxdan humanitar təşkilat olmaqdan çıxıb və əksinə, terrorizm üçün əlverişli məkana çevrilib", - İsrail XİN bildirib.

Xəbər lenti