Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə Sülh Şurasında iştirak təklifini rədd etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bunu "Financial Times" Londondakı hökumət mənbələrinə istinadla yazıb.
Starmer bildirib ki, Sülh Şurasının fəaliyyət şərtləri ilə bağlı müttəfiqlərlə danışıqlar aparır, lakin mənbələrin sözlərinə görə, o, bu qurumla saziş imzalamaq niyyətində deyil.
"Rəsmi mövqe belədir ki, biz bu məsələni nəzərdən keçiririk. Amma siyasi dahiyə çevrilməyə ehtiyac yoxdur ki, başa düşəsən: vergi ödəyicilərinin 1 milyard dollarını Putinin (Rusiya Prezidenti – red.) olduğu Şurada yer almaq üçün ödəmək – bu, keçməyəcək", – mənbələrdən biri nəşrə bildirib.
Qeyd olunur ki, Starmer Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə keçiriləcək G7-nin rəsmi görüşündə iştirak etməyə açıqdır. Bu görüşdə Qrenlandiya və Ukrayna da daxil olmaqla bir sıra xarici siyasət məsələlərinin müzakirəsi nəzərdə tutulur.