Kanada ABŞ hakimiyyətinin Qrenladniyanı Birləşmiş Ştatlara birləşdirmək niyyəti ilə bağlı açıqlamalarına cavab olaraq Qrenlandiyanın özünü müəyyənetmə hüququnu qətiyyətlə müdafiə edir.
"Report"un məlumatına görə, bunu Kanadanın Baş naziri Mark Karni Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bəyan edib.
"Arktika suverenliyi ilə bağlı biz Qrenlandiya və Danimarkanın yanındayıq. Qrenlandiyanın gələcəyini müəyyən etmək üzrə unikal hüququnu tam dəstəkləyirik", – o bildirib.
Bundan əlavə, Kanada hökumət başçısı Ottavanın Şimali Atlantika Müqaviləsi Təşkilatında (NATO) kollektiv müdafiə prinsipinə ciddi şəkildə sadiq qalacağını vurğulayıb.
"NATO-nun 5-ci maddəsinə bağlılığımız sarsılmazdır", – Karni qeyd edib.
NATO-nun 1949-cu ildə Vaşinqtonda imzalanmış Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi alyansın kollektiv müdafiə prinsipini təsbit edir.
Baş nazir, həmçinin Rusiyanın "Arktikada real təhdid" olduğunu bildirib. O əlavə edib ki, məhz buna görə Kanada üfüqdən kənar radiolokasiya izləmə stansiyası inşa edir və Arktikada hərbi mövcudluğunu artırır.