Bu həftə Antalya vilayətinin sahillərində aşkarlanan cəsədlərin qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər.
“Report” xəbər verir ki, bu ehtimalla “Habertürk” telekanalı çıxış edib.
Təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələrində çimərliklər yaxınlığında altı kişi və qadın cəsədi sudan çıxarılıb. İlkin məlumata görə, onlar uzun müddət suda qalıblar.
Məhkəmə-tibb ekspertləri hələ ki, ölənlərin kimliyini müəyyən etməyiblər. Cəsədlərdən birinin təxminən iki həftə əvvəl Antalyada yoxa çıxan 18 yaşlı Türkiyə vətəndaşına aid ola biləcəyi ilə bağlı fərziyyələr mövcuddur.
Onun şəxsiyyətini müəyyən etmək üçün mümkün qohumlarından DNT nümunələri götürülüb.
Bu arada ölənlərin qeyri-qanuni miqrantlar olduğu və cəsədlərinin Antalya sahilinə axın tərəfindən gətirildiyi ehtimal edilir.
Antalyanın qərbində yerləşən Egey dənizi Avropaya aktiv qeyri-qanuni miqrasiya sahəsi olaraq qalır. Bölgədəki Türkiyə Sahil Mühafizəsi mütəmadi olaraq qeyri-qanuni mühacirləri daşıyan qayıqların qarşısını alır və ya qayıqları batdıqdan sonra insanları xilas edir.
Bizim Telegram kanalımıza abunə olun