İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS hərəkatının fələstinli radikallarının girovları saxladıqları tuneli aşkarlayıblar.
"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirib.
"Xan Yunisdə döyüşlər zamanı girovların saxlanıldığı tuneli tapdıq. İsrail ordusu dəqiq kəşfiyyat məlumatlarına əsasən, Xan Yunisdə HƏMAS terrorçusunun evində tunelin girişini aşkarlayıb", - o, keçirdiyi brifinqdə deyib.
Haqarinin sözlərinə görə, yerin təxminən 20 metr dərinliyində İsrail hərbçiləri tuneldən təxminən 1 km getdikdən sonra girovların saxlandığı mərkəzi yeri aşkarlayıblar. "Biz hər birində ayaqyolu, döşək olan və barmaqlıqlarla bağlanmış beş dar həbsxana kamerası tapdıq. Əlimizdə olan dəlillərə görə, bu tuneldə müxtəlif vaxtlarda ağır şəraitdə 20-yə yaxın girov saxlanılıb", - o deyib.
Ordu nümayəndəsi qeyd edib ki, hərbçilər gələnə qədər burada artıq girovlar yox idi. Bütün tapıntılar diqqətlə sənədləşdirilib, bundan sonra tunel dağıdılıb.
Bizim Telegram kanalımıza abunə olun