İtaliyanın Baş naziri Giorgia Meloni Vaşinqtonun Qrenlandiya ilə bağlı fikir ayrılıqları səbəbindən Avropa ölkələrinə ticarət tariflərini artırmasını səhv adlandırıb.
"Report"un məlumatına görə, o, bu açıqlamanı hazırda səfərdə olduğu Seulda keçirilən mətbuat konfransında verib.
Meloni bildirib ki, ABŞ Prezidenti Donald Trampla danışıb, Danimarka adası ətrafındakı vəziyyəti anlaşılmazlığın və tərəflərin kifayət qədər aydın ünsiyyət qurmamasının nəticəsi hesab etdiyini söyləyib.
"Qrenlandiyanın təhlükəsizliyinə töhfə vermək qərarına gələn ölkələrə tariflərin artırılmasını səhv hesab edirəm və bu yanaşmanı bölüşmürəm. Donald Trampla danışdım və bu barədə dedim. NATO-nun baş katibi ilə də danışdım və Avropa tərəfdaşlarımızla danışmağı planlaşdırıram. Anlaşılmazlıq və ünsiyyət problemi var, çünki Aİ ölkələrinin (Qrenlandiyaya qoşun göndərmək - red.) təşəbbüsü anti-Amerika kimi qəbul edilməməlidir", - Meloni bildirib.
Baş nazir vurğulayıb ki, Qrenlandiya ətrafındakı vəziyyət NATO çərçivəsində həll olunmalıdır. Meloni ABŞ-nin regionla bağlı narahatlıqlarını bölüşür və bu, Avropa üçün də strateji baxımdan vacibdir.
"Buna görə də birlikdə çalışmalı, dialoqa qayıtmalı və eskalasiyanın qarşısını almalıyıq", - Baş nazir bildirib.