Portuqaliyada keçirilən prezident seçkilərində saat 12:00-a (yerli vaxtla, Bakı vaxtı ilə 16:00) seçici fəallığı 21,18 % təşkil edib.
"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İdarəetmə Nazirliyi məlumat yayıb.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və 19:00-a qədər (Bakı vaxtı ilə 23:00) fəaliyyət göstərəcək.
Dövlət başçısı postu uğrunda rekord sayda – 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır. Səsvermənin ilkin nəticələri məntəqələr bağlandıqdan dərhal sonra açıqlanacaq.
Qeyd edək ki, 2021-ci ildə keçirilən prezident seçkilərində günortaya qədər iştirak faizi 17 %-i ötmüşdü.
12:18
Portuqaliyada prezident seçkiləri keçirilir.
"Report" xəbər verir ki, prezident postu uğrunda 11 namizəd (10 kişi və 1 qadın) mübarizə aparır.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə 23:00) qədər işləyəcək. Səsvermənin ilkin nəticələrinin gecə elan olunacağı gözlənilir. Əgər namizədlərdən heç biri səslərin 50 %-dən çoxunu qazana bilməsə, fevralın 8-də ikinci tur keçiriləcək.
Hazırkı dövlət başçısı Marselu Rebelu di Souza öz postunu 2016-cı ildə tutub və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilikdə ardıcıl üç müddətə yenidən seçilməyə icazə verilmədiyinə görə namizəd ola bilməyib.
Seçkilərə qədər keçirilən sorğular heç bir namizədin birinci turda səslərin 50 %-dən çoxunu ala bilməyəcəyini göstərib. Bu halda ikinci tur keçiriləcək və burada yalnız seçicilərin ən çox dəstəyini qazanan iki namizəd iştirak edəcək. Sonuncu dəfə belə hal 1986-cı ildə baş verib.