ABŞ Prezidenti Donald Trampın administrasiyası Yəmən husilərinə qarşı yeni sanksiyalar tətbiq edib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) bəyanatında bildirilib.
Sanksiyalar həmçinin bu qruplaşmanın maliyyələşdirilməsi üçün istifadə edilə bilən neft məhsullarının, silahların və digər ikili təyinatlı avadanlıqların tədarükünə də tətbiq edilir.
Eyni zamanda 21 fiziki və hüquqi şəxs, eləcə də bir gəmi "qara siyahı"ya düşüb. Bunların arasında Yəmən, Oman və BƏƏ-də fəaliyyət göstərən şirkətlər də var.
"Husilər terror aktları törədərək və Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücum edərək ABŞ-yə təhdid yaradırlar", - ABŞ maliyyə naziri Skott Bessentin bəyanatında bildirilib.
İdarə yeni tədbirlərin husilərə təzyiq göstərmək üçün əvvəllər atılmış addımların davamı olduğunu vurğulayıb.