Bakıda Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində "Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu" adlı panel müzakirə keçirilib.
"Report" xəbər verir ki, paneldə qadınların cəmiyyətdə nüfuzu və rolu, eləcə də cəmiyyətə təsiri məsələsi həm dini, həm də ümumi müstəvidə geniş müzakirə edilib.
Əvvəlcə panelin moderatoru Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mövzu ətrafında fikirlərini bölüşüb.
"Dini icmalar maarifləndirmə işini təkcə qadın və qızların arasında deyil, bütün cəmiyyət arasında aparmalıdır", - o əlavə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova sosial problemlərin həlli istiqamətində dini icmaların əhəmiyyətinin çox böyük olduğunu qeyd edib:
"Qızların erkən nikahı, yaxud məişət zorakılığı kimi problemlərimiz hələ də mövcuddur. Lakin hesab edirəm ki, biz dini icmalarla müəyyən maarifləndirici layihələr üzərində işləməliyik. Çünki sosial məsələlərdə icma rəhbərlərinin rolu çox böyükdür. İcmaların fəaliyyəti İslam dinini insanlara doğru şəkildə və elm mənbəyi kimi çatdırılması istiqamətində genişləndirilməlidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə isə cəmiyyətdə dini dünyagörüşlə bağlı savadlılığın artırılmasının vacibliyinə diqqət çəkib:
"Dini dünyagörüşə sahib olmaq insanı elmdən uzaqlaşdırmır, əksinə, buna əlavə bir qat gətirir".
Şura üzvü mifologiyadan və elmi ədəbiyyatdan müxtəlif səpkili sitatlar gətirərək qadının cəmiyyət üçün vacibliyini əsaslandırıb:
"Bir sözlə, cəmiyyət qadını savadsız görmək istəyirsə, o cəmiyyət nə etsə də, savadsız olacaq. Qadın oxumursa, övladının da savadlı olmasına nail ola bilməyəcək".
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı öz növbəsində, bu günün ən böyük probleminin dini maarifləndirmənin çox zəif olması olduğunu bildirib.
O deyib ki, bu maarifləndirmə işi lazımi səviyyədə olsaydı, əksər problemlərlə qarşı-qarşıya qalmazdıq:
"Bu maarifləndirmə göstərdi ki, gender bərabərliyi ifadəsi hələ XV əsrdə, bir növ, çözülüb. Təəssüf ki, sovet ideologiyası dinlə vətəndaş arasına girdi, nəticədə, dini savadsızlıq yarandı. Lakin bu gün bu proses genişləndirilməlidir, cəmiyyətə aşılanmalıdır ki, İslamda qadın hüquqları hansı səviyyədə qorunur".
Sədr müavini İslamda qadın və kişilər arasında bərabərliyi tənzimləndiyi fikrini müdafiə edib: "Başqa dinlərdə İslamdakı kimi qadına hüquq verilmir".
Panel müzakirə sual-cavab sessiyası ilə davam etdirilib.




