Rumıniyanın məşhur dağ kurortları olan Bran və Moeçiu bölgələrində villa və qonaq evlərinin sahibləri əmlaklarını kütləvi şəkildə satışa çıxarırlar. Buna səbəb turist sayının azalması və istirahətə gələnlərin artıq təkcə gecələmək üçün yer deyil, daha geniş xidmətlər təklif edən məkanlara üstünlük verməsidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rumıniya Milli Statistika İnstitutunun açıqladığı rəqəmlərə əsasən, Bran və Moeçiu yaşayış məntəqələrində əsasən istirahət evi kimi istifadə olunan 1700-dən çox müvəqqəti boş yaşayış obyekti var. Bran bələdiyyəsinin nümayəndələri bildiriblər ki, bölgədə 600 obyekt rəsmi olaraq turizm məqsədli fəaliyyət göstərir. Son bir il ərzində onların doluluq səviyyəsi təxminən 20 faiz azalıb. Bran kommunasının meri Kosmin Feroyu bildirib ki, bir çox sahibkar biznes qurmaq üçün kredit götürüb. Turist axını azaldıqda isə kredit ödənişlərini etmək və gəlir əldə etmək çox çətinləşir. Hazırda daşınmaz əmlak elanları platformalarında Bran və Moeçiu bölgələrində 62 ev, villa, bağ evi və qonaq evi satışa çıxarılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artım deməkdir. Kvadratmetrin qiyməti isə bölgədən asılı olaraq dəyişir. Daşınmaz əmlak platformasının nümayəndəsi Monika Dudau bildirib ki, Bran bölgəsində orta qiymət hər kvadratmetr üçün 1306 avro, Moeçiuda isə 1116 avrodur. Rumıniya Otelçilik Sənayesi Federasiyasının nümayəndələrinin sözlərinə görə, qonaq evlərinin əksəriyyəti köhnədir və uzun illərdir yenilənməyib. Mütəxəssislər qeyd edirlər ki, müasir turistlər artıq yalnız gecələmə yeri və həyətdə manqalla kifayətlənmir, daha keyfiyyətli xidmət və əlavə istirahət imkanları axtarırlar.
Avropada mənzil bazarında vəziyyət
Son məlumatlara görə, 2025-ci ildə Avropada mənzil almaq baxımından ən bahalı şəhər yerli orta əməkhaqqı ilə müqayisədə Amsterdam olub. Ən əlverişli şəhər isə İtaliyanın Turin şəhəri hesab edilir. Bununla yanaşı, 2024–2025-ci illərdə ukraynalılar Bolqarıstanda daşınmaz əmlak almağa maraq göstəriblər. Ən çox tələbat Qara dəniz sahilində yerləşən Varna, Burqas və Nesebar kurortlarına, həmçinin qış turizmi ilə məşhur Bansko və Pamporovo bölgələrinə yönəlib.
Travel Rumıniya dağ kurortu villa qonaq eviMənbə: lent.az