Kiyev potensial sülh müqaviləsinin məqbul və ədalətli olması üçün artıq çox şey etsə də, müharibənin bitməsi şərtləri Ukraynadan ağrılı və mürəkkəb güzəştlər tələb edə bilər.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Çexiya Prezidenti Petr Pavel Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, vurğulayıb ki, Ukrayna müharibənin sonunun real olaraq yaxınlaşacağı təqdirdə kompromislərə hazır olduğunu nümayiş etdirir:
"Bu, Kiyevin məsuliyyətli mövqeyindən və hətta çətin qərarlar bahasına olsa belə, döyüş əməliyyatlarını dayandırmaq istəyindən xəbər verir. Hesab edirəm ki, Ukrayna qərarın qəbul edilməsi üçün çox şey edib. Lakin Ukrayna bir sıra ağrılı güzəştlərə getməlidir və əgər bu, sülhə aparacaqsa, düşünürəm o (Ukrayna) buna hazırdır" - P. Pavel bildirib.
Çexiya prezidenti Avropa İttifaqının (Aİ) ünvanınba iradlar da bildirərək onu passivlikdə günahlandırıb:
"Avropa İttifaqı bu prosesdə əsas rol oynamalıdır. Məhz o, Ukraynanın dəstəklənməsinə və Rusiyaya təzyiqin artırılması üçün maksimum səy göstərməlidir. Biz səy göstərməliyik ki, bu sənədlərin hazırlanması zamanı görülən bütün işlər hədər getməsin".