"Sumqayıt" klubundan heyət dəyişikliyi və oyun praktikasını itirməmək üçün ayrılan Fuad Niftəliyev Həvəskarlar Liqasında çıxış etməyi düşünür.
Təcrübəli basketbolçu bunu "Report"a açıqlamasında deyib.
O, komandada gənc oyunçulara daha çox üstünlük veriləcəyini söyləyib:
"Ayrılmağımın birinci səbəbi yolun uzaq olması idisə, ikincisi "Sumqayıt"ın heyətinə gənc oyunçuların qatılmasıdır. Onların yayda çempionatları olacaq və buna görə də gənclərə daha çox şans veriləcək. Heyətimizdə dəyişikliklər oldu. Mən də kifayət qədər meydanda olmayacağımı düşündüyüm üçün ayrılmağa qərar verdim".
Karyerasını bitirmək niyyətində olmadığını bildirən 45 yaşlı basketbolçu həvəskarların çempionatında çıxış etməyi planlaşdırır:
"Hələ ki, karyeramı bitirmək haqqında düşünmürəm. Ötən il də formada qalmaq üçün Həvəskarlar Liqasında çıxış etmişdim. İndi də orada oynamağı planlaşdırıram. Yarışın maraqlı olacağını düşünürəm. Fiziki durumum yaxşıdır, sadəcə, oyun praktikasını itirməmək üçün bu addımı atıram".
Azərbaycan millisinin sabiq üzvü məşqçilik fəaliyyəti ilə bağlı təklif almadığını da sözlərinə əlavə edib:
"Məşqçilik planlarım ola bilərdi, amma hazırda nə klublardan, nə də millidən təklif var. Ona görə də hələ ki, oyunçu kimi davam etmək niyyətindəyəm".
Qeyd edək ki, Fuad Niftəliyev bu gün "Sumqayıt" komandası ilə yolları ayırıb.