TIR beynəlxalq yük daşımaları sistemi Orta Dəhlizi Çin və Avropa arasında rəqabətqabiliyyətli və proqnozlaşdırıla bilən marşruta çevirəcək əsas vasitə ola bilər.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) baş katibi Umberto de Pretto Vyanada keçirilən "Turkic Week" tədbirində çıxışı zamanı bildirib.
"Sərhədlərdə vaxt itkisinin azaldılması, təkrar yoxlamaların aradan qaldırılması və rəqəmsal prosedurlara keçid dəhlizin bu gün ən böyük məhdudiyyətlərlə üzləşdiyi yerlərdə tranzit xərclərini azaltmağa və daşımaların etibarlılığını artırmağa imkan verir", - U.Pretto qeyd edib.
Onun sözlərinə görə, TIR sistemi gömrük nəzarətinin qarşılıqlı tanınmasına, beynəlxalq zəmanət sisteminə, həmçinin plomblanmış və təhlükəsiz nəqliyyat vasitələrindən istifadəyə əsaslanan qlobal miqyasda tanınmış daşımalar modelini təqdim edir: "Bu yanaşma fiziki yoxlamaları minimuma endirməyə və logistika operatorları üçün qeyri-müəyyənliyi aradan qaldırmağa imkan verir ki, bu da transregional marşrutlar, o cümlədən Orta Dəhliz üçün xüsusilə önəmlidir".
Hazırda TIR sistemi Çini Avrasiyanın 30-dan çox ölkəsi ilə birləşdirir, tranzit vaxtının 80 %-ə qədər, nəqliyyat xərclərinin isə təxminən 50 % azalmasını təmin edir.
U.Pretto sərhəd keçidlərində TIR "yaşıl dəhlizlər"inin inkişafına xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, bu dəhlizlər tələblərə cavab verən yük maşınları üçün prioritet keçidi, sürətləndirilmiş nəzarət prosedurlarını və daha çox proqnozlaşdırıla bilən çatdırılma müddətlərini nəzərdə tutur.
"Yaşıl dəhlizlər" imtiyaz deyil, qaydalara riayət etmək və şəffaflığı artırmaq üçün stimuldur", - o vurğulayıb.
Bu gün Mərkəzi Asiyanın bütün ölkələrində, eləcə də Rumıniya, Moldova, Çin, Monqolustan və Səudiyyə Ərəbistanında TIR sistemi ilə daşımalar üçün prioritet zolaqlar və ya xüsusi pəncərələr tətbiq edilib.
IRU baş katibinin sözlərinə görə, sadələşdirilmiş prosedurların genişləndirilməsində rəqəmsallaşmanın böyük rolu var. eTIR sisteminin tətbiqi kağız sənəd dövriyyəsindən imtina etməyə, sərhədlərdə gecikmələri azaltmağa və milli gömrük sistemlərinin uyğunluğunu artırmağa imkan verməklə yanaşı, həm də daşımaların şəffaflığını və təhlükəsizliyini gücləndirir.
"Orta Dəhlizin uğuru xəritələrlə deyil, sərhədlərdə qənaət edilmiş dəqiqələrlə ölçüləcək. TIR-in tam tətbiqi üçün isə yalnız siyasi iradə lazımdır. Bunun sayəsində Orta Dəhliz yeni iş yerlərinin açılmasını, iqtisadi artımı və uzunmüddətli sabitliyi təmin edən proqnozlaşdırıla bilən, rəqabətqabiliyyətli və dayanıqlı ticarət arteriyasına çevriləcək", - U.Pretto qeyd edib.
Müzakirələr zamanı vurğulanıb ki, Orta Dəhliz qlobal təchizat zəncirlərinin transformasiyası, geosiyasi risklərin artması və dayanıqlı quru nəqliyyat marşrutlarına yüksək tələbat fonunda strateji həlldir. 2022-ci ildən bəri logistika bazarının bir çox iştirakçıları onu ənənəvi dəniz yollarına real alternativ kimi nəzərdən keçirirlər.
Eyni zamanda, dəhliz boyunca ticarətin strukturu da dəyişir. Əgər əvvəllər daşımalar əsasən xammal məhsullarına - neft və faydalı qazıntılara yönəlmişdisə, bu gün konteyner daşımalarının sürətli artımı müşahidə olunur. Son 12 ay ərzində onların həcmi üç dəfədən çox artıb və konteyner trafikinin 60 %-dən çoxu Avropaya göndərilən Çin mallarının payına düşür.
IRU-nun proqnozlarına görə, Orta Dəhlizlə yük daşımalarının həcmi 2030-cu ilə qədər üç dəfə arta bilər. Lakin infrastruktur və ilk növbədə, sərhəd keçid prosedurları modernləşdirilmədən faktiki tələbat potensial tələbatdan 35 % az ola bilər.
Yüksək səviyyədə siyasi dəstəyə baxmayaraq, sərhəd keçidləri marşrutun ən həssas həlqəsi olaraq qalır. Təkrar yoxlamalar və qurumlar arasında zəif koordinasiya səbəbindən uzunmüddətli gözləmələr, pik dövrlərdə məhdud ötürücülük qabiliyyəti, Xəzər dənizində Ro-Ro daşımaları ilə bağlı imkanların məhdudluğu, parklanma zonalarının və sürücülər üçün lazımi şəraitin olmaması və yoxlamaların nəticələrinin qarşılıqlı tanınması səviyyəsinin qənaətbəxş olmaması əsas problemlər arasında yer alır.
Qeyd olunur ki, yük maşınları sərhədlərdə günlərlə dayandıqda yollar və infrastruktura qoyulan investisiyalar səmərəliliyini itirir: bir gün gözləmək yüz kilometrlərlə yoldan daha baha başa gələ bilər. Bu şəraitdə Orta Dəhliz üzrə əlaqəliliyi artıran əsas amillər risk əsaslı nəzarət, gömrük administrasiyaları arasında etimad və beynəlxalq səviyyədə uyğunlaşdırılmış prosedurların tətbiqidir.



