IMG-LOGO

WP: İran və İsrail bir-birinə hücum etməmək barədə razılığa gəlib

15 Jan 2026 01:43 3 baxış
IMG

İran və İsrail 2025-ci ilin dekabr ayının sonunda bir-birinə zərbə endirməmək barədə razılığa gəlib.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Dekabrın sonunda, İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail hakimiyyəti Rusiyanın vasitəçiliyi ilə İran rəhbərliyinə bildirib ki, əgər İsrailə ilk olaraq hücum edilməsə, onlar İrana zərbə endirməyəcəklər. Region ölkələrinin diplomatları və rəsmilərinin sözlərinə görə, İran Rusiya kanalı vasitəsilə cavab verib ki, qabaqlayıcı zərbə endirməkdən çəkinəcək", - deyə WP qeyd edib.

Qəzetin mənbələri bildirir ki, bu hadisə İsrailin Livandakı "Hizbullah" hərəkatına qarşı genişmiqyaslı hərbi kampaniyaya hazırlaşdığı vaxt baş verib.

Nəşrin iki həmsöhbəti əlavə edib ki, İran İsrailin təklifinə müsbət reaksiya verib. Lakin Tehranda buna yenə də ehtiyatla yanaşıblar, çünki İsrailin zəmanətləri ABŞ-nin sonradan İsrail hərbçiləri ilə koordinasiyalı şəkildə İrana zərbə endirməsi ehtimalını istisna etmirdi.

Buna baxmayaraq, WP yazır ki, İran şəhərlərindəki etirazlar fonunda İsrail və İranın bu qeyri-rəsmi razılaşmalara münasibətinin dəyişib-dəyişmədiyi qaranlıq qalır. Həmçinin İsrailin razılaşmadan imtina edib ABŞ-nin İrana qarşı mümkün zərbələrinə qoşulub-qoşulmayacağı da bəlli deyil.

Yanvarın əvvəlində İsrailin "Kan" telekanalı diplomatik mənbələrə istinadən xəbər vermişdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə son söhbətində ondan Tehrana İsrail tərəfinin İrana hücum etmək niyyətində olmadığı barədə mesajı çatdırmağı xahiş edib. "Kan" bunu İranın İsrail tərəfindən hücumun qaçılmaz olduğunu düşünərək ilk zərbəni endirməsi ssenarisinin qarşısını almaq cəhdi ilə əlaqələndirib.

Xəbər lenti