Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaradacaqlar.
"Report" xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.
"Biz hesab edirik ki, bu qrup Danimarka Krallığının "qırmızı xətləri"nə hörmət etməklə yanaşı, ABŞ-nin təhlükəsizlik problemlərinin həlli yollarının tapılmasına diqqət yetirməlidir. Gözləyirik ki, qrup ilk iclasını bir neçə həftə ərzində keçirəcək", - deyə o bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünün pozulması tamamilə qəbuledilməz olardı:
"Lakin biz ABŞ-ni Qrenlandiyaya sahib olmaq istəyindən əl çəkməyə inandıra bilmədik. Ada hazırda və yaxın gələcəkdə Danimarka Krallığının tərkibində qalacaq".
Rasmussen həmçinin ABŞ-nin Qrenlandiya yaxınlığında Çin Xalq Respublikasının (ÇXR) hərbi mövcudluğu ilə bağlı iddialarını təkzib edərək dənizdə belə bir halın 10 il əvvəl müşahidə olunduğunu bildirib. O qeyd edib ki, Danimarka və Qrenlandiya ABŞ-nin adanın təhlükəsizliyi ilə bağlı istənilən sorğusuna konstruktiv şəkildə baxmağa hazırdır.
"1951-ci il müdafiə müqaviləsinə əsasən, ABŞ-nin artıq Qrenlandiyaya geniş hərbi çıxışı var və onlar hər zaman adadakı mövcudluğunu artırmaq üçün müraciət edə bilərlər. Bu səbəbdən ABŞ-nin hər hansı əlavə sorğusunun olub-olmadığını eşitmək istərdik. Bu baxımdan, biz hər hansı belə bir sorğuya konstruktiv şəkildə baxacağıq", - deyə o bildirib.