IMG-LOGO

Britaniya "kölgə donanması"na aid tankerləri ələ keçirmək üçün XTQ-yə təlim keçir

14 Jan 2026 23:54 3 baxış
IMG

Böyük Britaniya "kölgə donanması" tankerlərini ələ keçirmək üçün Xüsusi Təyinatlı Qüvvələrinə təlim keçir.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti müdafiə sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyatların keçirilməsi ilə, çox güman ki, Kral Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi olan Xüsusi Qayıq Xidməti məşğul olacaq.

Bundan əvvəl BBC yayım korporasiyası xəbər vermişdi ki, Böyük Britaniya hökuməti Rusiyanın "kölgə donanması"na aid olan gəmilərin saxlanılması üçün öz silahlı qüvvələrindən istifadə etməyə imkan verən hüquqi əsaslar hazırlayıb. Məlumata görə, Britaniya Nazirlər Kabineti bu məqsədlə 2018-ci il tarixli "Sanksiyalar və çirkli pulların yuyulmasına qarşı mübarizə" haqqında qanunun müddəalarından istifadə etməyin mümkün olduğu qənaətinə gəlib.

Yanvarın 7-də Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Amerika hakimiyyətinin xahişi ilə Atlantik okeanında Rusiyaya məxsus "Bella 1" kimi tanınan "Marinera" neft tankerinin ələ keçirilməsinə köməklik göstərib. Birləşmiş Krallıq öz aviabazalarını ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə verib, həmçinin "Marinera"nı izləmək üçün kəşfiyyat təyyarələrini cəlb edib və Amerika hərbçilərinə dəstək məqsədilə Kral Köməkçi Donanmasının "Tideforce" tankerini göndərib.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Vaşinqtonu beynəlxalq dəniz gəmiçiliyinin fundamental norma və prinsiplərinə riayət etməyə, "Marinera" və açıq dənizdə qanuni fəaliyyət göstərən digər gəmilərə qarşı qanunsuz hərəkətləri dərhal dayandırmağa çağırmışdı.

Xəbər lenti