"Sportsman" jurnalı ötən ilin ən yaxşıları nominasiyası üzrə qalibləri mükafatlandırıb.
"Report" xəbər verir ki, tədbirdə Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
"Sportsman" jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu çıxış edərək ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. 2026-cı ildə əldə olunacaq nailiyyətlərin sayının daha çox olacağına şübhə etmədiyini bildirən R.Qəmərşahoğlu Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafında xüsusi payı olduğunu diqqətə çatdırıb.
Sonra "Sportsman" jurnalının "Zəfər" 2025 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib.
Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisinin baş məşqçisi Vaqif Kazımov "İlin məşqçisi" nominasiyasının qalibi olub.
"İlin idman klubu" adına "Neftçi" İdman Klubu layiq görülüb. Mükafat klubun icraçı direktoru Fərəc Əliyevə təqdim edilib.
Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətlərə görə "Qarabağ" klubu "ən yaxşı" seçilib. Mükafat komandanın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikələ təqdim olunub.
Futbol üzrə beynəlxalq dərəcəli hakim Elçin Məsiyev "İlin hakimi" nominasiyasının qalibi olub.
"İlin qadın idmançısı" nominasiyası üzrə dünyanın ən hündür zirvəsi olan Everesti fəth edən alpinist Vəfa Musayeva seçilib.
"İlin əzmkar idmançısı" adına isə boksçu Sübhan Məmmədov layiq görülüb.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, fərqlənənlərə mükafatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, "Sportsman" jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir.







