IMG-LOGO

Politoloq: "Azərbaycan Qazaxıstanın neft ixracında alternativ marşrutların yaradılmasında əsas rol oynayır"

14 Jan 2026 17:36 3 baxış
IMG

Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturunun zəifliyi fonunda Qazaxıstan üçün ilk növbədə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Transxəzər logistika zəncirləri kimi alternativ neft ixrac marşrutları strateji sığortaya çevrilir.

Bu barədə "Report"un Qazaxıstan bürosuna politoloq Askar Caparov bildirib.

Onun sözlərinə görə, söhbət alternativ marşrutun birdəfəlik istifadəsindən deyil, pilotsuz uçuş aparatlarının (Ukrayna tərəfindən - red.) Xəzər Boru Kəməri Konsorsiumu infrastrukturuna hücumları fonunda neft ixrac modelinin dayanıqlılığının sistemli şəkildə artırılmasından gedir.

Ekspert qeyd edib ki, Qazaxıstanın neft ixracı üçün alternativ marşrutların yaradılmasında əsas rol məhz Azərbaycana aiddir: "Bakı faktiki olaraq alternativ təchizat arxitekturasının mərkəzi qovşağı kimi çıxış edir, çünki onun ərazisindən etibarlı, siyasi cəhətdən proqnozlaşdırıla bilən və texnoloji cəhətdən sınaqdan keçirilmiş marşrut (BTC neft kəməri) keçir. Azərbaycan artıq bütün zəruri infrastruktura - liman, boru kəməri, dəmir yolu infrastrukturuna malikdir. Bu məsələdə prinsipial əhəmiyyət kəsb edən məqam odur ki, o, həm Qazaxıstan, həm də Qərbin enerji şirkətləri ilə sabit tərəfdaşlıq münasibətlərinə malikdir. Bu, Azərbaycandan keçən marşrutu nəzəri deyil, məhz praktiki alternativə çevirir".

A.Caparov vurğulayıb ki, Qazaxıstan üçün belə marşrutlar bir ixrac istiqaməti ilə bağlı ciddi asılılığı azaldır: "İşlək alternativin mövcudluğu isə balansı dəyişir: hətta həmin marşrutla tədarük edilən həcmlər hələ məhdud olsa da. Bu, bazara və tərəfdaşlara Qazaxıstan neftinin ixracının yalnız bir marşrut və ya siyasi amildən asılı olmadığını göstərir".

O deyib ki, vacib məqam odur ki, hazırda alternativ istiqamətlər Xəzər Boru Kəməri Konsorsiumunu tamamlayır, yəni onu tamamilə əvəz etmir: "Həcmlə bağlı məhdudiyyətlər, Xəzərdə donanmaya əlavə investisiyalar, limanların aşırma qabiliyyətinin genişləndirilməsi və tariflərin razılaşdırılması kimi məsələlər vaxt və koordinasiya tələb edir. Lakin strateji istiqamət artıq müəyyən edilib. Azərbaycan vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük qabiliyyətinin genişləndirilməsi isə bununla bağlı böhrana qısamüddətli reaksiya deyil, Qazaxıstanın ixrac siyasətinin şaxələndirilməsi və enerji təhlükəsizliyi üçün uzunmüddətli kursdur".

Xatırladaq ki, daha əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, Rusiyanın Novorosiysk dəniz limanındakı Xəzər Boru Kəməri Konsorsiumuna məxsus terminalda yüklənməni gözləyən üç neft tankeri yanvarın 13-də pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xəbər lenti