2025-ci ildə Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib.
Bu barədə "Report"a hava limanından məlumat verilib.
Məlumata əsasən, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2 %-i xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb.
İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30 % artım deməkdir.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə "Skytrax World Airport Awards" çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı" adına layiq görülərək regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin "Airport Carbon Accreditation (ACA)" proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, "ACI World" tərəfindən həyata keçirilən "Airport Service Quality (ASQ)" proqramında iştirak etməyə başlayıb və "APEX in Safety" təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.
Bu dövrdə "Azəraeronaviqasiya" Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və "Airspace World 2025" tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin "ATM Awards 2024" mükafatı çərçivəsində "Collaboration and Community" nominasiyası üzrə qalib elan olunub.
Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.