Ötən il Azərbaycanda buğda və arpa sahələri üzrə müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara ümumilikdə 5 milyon 175 min manat sığorta ödənişi həyata keçirilib.
"Report" Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, bu 2024-cü illə müqayisədə 2 milyon manat və ya 63 % artıqdır. Pambıq sahələri üzrə ödənişlər isə 958 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 72 min manat və ya 8 % artıqdır.
Taxıl bitkiləri və pambıqdan sonra ən çox aqrar sığorta ödənişləri şaftalı, qarğıdalı, badam, günəbaxan, tütün, alma, armud, üzüm v ərik bitkiləri üzrə həyata keçirilib.
Bundan başqa, 2025-ci ildə Azərbaycan müxtəlif hadisələr səbəbindən zərərlə üzləşən fermer və təsərrüfatlara ümumilikdə 9,2 milyon manat sığorta ödənişi edilib. Bu 2024-cü ilin ödənişləri ilə müqayisədə 44 %, 2023-cü illə müqayisədə isə 2,1 dəfə artıqdır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə isə 6,4 milyon manat sığorta ödənişi həyata keçirmişdi.
Ötən il əkin sahələrində baş verən hadisələr üzrə fermer və təsərrüfatlara 8,8 milyon manat sığorta ödəniş edilib. Bu 2024-cü illə müqayisədə 70 %, 2023-cü ildəki ödənişlərə nisbətən 2,5 dəfə artıqdır.
Ötən il Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq təsərrüfatlarında baş vermiş zərərlər üzrə 394 min manat sığorta ödənişi edilib.
2025-ci ildə Fond tərəfindən sığortalanan 41 bitki növündən 26-sı üzrə sığorta ödənişi həyata keçirilib.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizmi dövlət dəstəyi ilə həyata keçirilir. Fermerlərə dəstək üçün sığorta haqqının 50 %-ni dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığortalayırlar.
Hazırda bütün ölkə ərazisində payızlıq taxıl əkinləri və meyvə bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini "AsanPay" sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.











