Rəsmi Tehran ABŞ-nin İran ərazisinə hücum edəcəyi təqdirdə Yaxın Şərqdəki ABŞ bazalarına zərbə endirməkdə qətiyyətlidir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər region ölkələrinin diqqətinə çatdırıb ki, ABŞ İrana zərbə endirsə, bu ölkələrdəki ABŞ bazalarını vuracaq. İran bu ölkələri ABŞ hakimiyyətinin bu addımlarının qarşısını almağa çağırıb", - mənbə qeyd edib.
Agentliyin bundan əvvəl yaydığı məlumata görə, ABŞ öz hərbçilərinə axşam saatlarına qədər Qətərdəki "Əl-Udeyd" avibazasını tərk etməyi tövsiyə edib.