Ekvador Baş Prokurorluğu Quayas əyalətində mütəşəkkil cinayət işlərini araşdıran Quayaquil şəhər prokuroru Sezar Suaresin qətli ilə bağlı araşdırmalara başlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Suares həmçinin bu yaxınlarda “TC tv”nin studiyasının quldurlar tərəfindən ələ keçirilməsini araşdırıb.
Baş prokuror Diana Salazar bildirib ki, bu işlə bağlı hadisə yerində ilkin istintaq tədbirləri davam etdirilir. O, cinayətin cəzasız qalmayacağına əminliyini ifadə edib.
Yerli mətbuatın məlumatına görə, muzdlular Suaresin avtomobilini atəşə tutublar.
Xatırladaq ki, Ekvadorda iğtişaşlar yanvarın əvvəlində cinayətkar qruplaşmaların iki liderinin Quayaquil həbsxanasından qaçmasından sonra başlayıb. Prezident Daniel Noboa yanvarın 9-na keçən gecə başlayan iğtişaşların yatırılmasına silahlı qüvvələri cəlb etmək üçün fövqəladə vəziyyət elan edib.