IMG-LOGO

Vüsal Qasımlı: "Dövlət proqramları artıq nəticəyə görə idarə olunur" - MÜSAHİBƏ

14 Jan 2026 10:49 3 baxış
IMG

İqtisadi islahatların elmi əsaslarla idarə olunması, dövlət proqramlarında nəticəəsaslı yanaşmanın tətbiqi və insan mərkəzli fəaliyyət modeli İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzini (İİTKM) dünyanın aparıcı beyin mərkəzlərindən birinə çevirib. 2025-ci ildə dövlət başçısının tapşırıqlarının icrasını tam təmin edən Mərkəz rəqəmsal monitorinq mexanizmi, beynəlxalq səviyyədə tanınan innovativ həllər, elmi-analitik məhsullar və insan kapitalının inkişafı sahəsində mühüm nailiyyətlər əldə edib. Bununla bağlı "Report"un suallarını Mərkəzin icraçı direktoru Vüsal Qasımlı cavablandırıb:

- İİTKM 2025-ci ildə hansı uğurlara imza atıb?

- Prezident İlham Əliyevin fərmanı ilə 2016-cı ildə yaradılmış Mərkəz artıq 10 ilə yaxındır ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlillər aparır, analitik məlumatlar əsasında təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlayır. Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsidir. Ötən il İİTKM 24 dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə aparıb, 32 monitorinq hesabatı hazırlayıb, dövlət proqram idarəetməsi üzrə 100-dən çox tədbir icra edib. Dövlət proqram idarəetməsində tətbiq etdiyimiz yenilikləri qlobal media və tədqiqat mərkəzləri yüksək qiymətləndirib və Mərkəzi ötən il 12 nüfuzlu beynəlxalq mükafata layiq görüb.

Elmi tədqiqatların aparılması, insan kapitalının inkişafı, beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə də mühüm nəticələr əldə etmişik. Elmi-analitik fəaliyyətimiz çərçivəsində 12 "İxrac icmalı", yeddi "İslahat icmalı", 106 videoicmal, 44 həftəlik icmal, səkkiz dildə "Türk iqtisadi icmalı"nın dörd sayı, "İqtisadi islahatlar" jurnalının iki buraxılışı, yeddi kitab nəşr olunub, eləcə də "Scopus" və "Web of Science" bazalarında indekslənmiş 17 elmi məqalə dərc edilib. Hazırda ekonometrik laboratoriyamızda yeddi model işlək vəziyyətdədir.

İnsan resurslarının inkişafı istiqamətində fəaliyyətimiz davam edib, 40-dan çox beynəlxalq təlimdə iştirak təmin olunub, 570 könüllü proqramlara cəlb edilib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası çərçivəsində 20-dən çox təklif hazırlanıb.

Ümumilikdə qeyd edim ki, 2025-ci ildə dövlət başçısının Fərman və Sərəncamları ilə İİTKM-yə verilmiş tapşırıqların icra səviyyəsi 100 % olub.

- İİTKM dövlət proqramlarının idarə edilməsində əsas koordinasiya mərkəzinə çevrilib. 2025-ci ildə qəbul edilmiş strateji sənədlərin də monitorinq və qiymətləndirilməsi rəhbərlik etdiyiniz quruma tapşırılıb. Bu istiqamətdə fəaliyyəti necə təşkil edirsiniz?

- 2025-ci ildə ölkə Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş iki strategiya, iki konsepsiya, iki fəaliyyət planı, üç dövlət proqramı, həmçinin Nazirlər Kabinetinin Sərəncamı ilə bir tədbirlər proqramının, ümumilikdə 10 yeni strateji siyasət sənədinin monitorinq və qiymətləndirməsi İİTKM-yə həvalə olunub.

Bu ildən dövlət proqramlarının idarə edilməsində Mərkəzin yaratdığı "E-monitorinq" portalının imkanlarından geniş istifadə ediləcək. Portal monitorinq və qiymətləndirmənin fasiləsiz, operativ və şəffaf həyata keçirilməsi məqsədilə İİTKM-nin daxili resursları ilə hazırlanıb. Platforma məlumatların mərkəzləşdirilməsi, real vaxt rejimində proqram və layihə idarəetməsi, hesabatlılığın artırılması, əlaqəli qurumlar arasında koordinasiyanın gücləndirilməsi və data əsaslı qərarvermə baxımından mühüm vasitə kimi çıxış edir.

Bununla yanaşı, strateji sənədlərin icrasının səmərəliliyini "Layihə idarəetməsi" modulu vasitəsilə təhlil edirik. Bu modul dövlət proqramlarında nəzərdə tutulan layihələrin hazırlıq və planlaşdırma, icra və başa çatdırılma mərhələlərində monitorinqinə, eyni zamanda risklərin effektiv idarə edilməsinə və ümumi proqramın beynəlxalq meyarlar əsasında qiymətləndirilməsinə texnoloji dəstək verir.

Dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi məqsədilə bölgələrə səfərlər təşkil edilir və görülmüş işlərə yerində baxış keçirilir. 2025-ci ildə 5 strateji siyasət sənədi üzrə paytaxtda və regionlarda əyani monitorinqlər aparılıb, müvafiq hesabatlar və təkliflər hazırlanaraq rəhbərliyə təqdim edilib.

- Dövlət proqram idarəetməsində tətbiq etdiyiniz yenilikləri beynəlxalq ictimaiyyət də maraqla qarşılayır. Bu istiqamətdə hansı uğurları qeyd etmək olar?

- Bəli, monitorinq və qiymətləndirmə prosesində tətbiq etdiyimiz rəqəmsal həllər, o cümlədən layihələrin vahid platformadan idarə olunması, data analitikası, coğrafi informasiya texnologiyaları, videomüşahidə sistemləri, süni intellekt imkanlarından istifadə dövlət proqram idarəetməsində əsaslı dəyişikliklər yaradıb. İİTKM Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən nüfuzlu media qurumlarının"Ən yaxşı dövlət beyin mərkəzi və tədqiqat institutu", "Ağıllı monitorinq və qiymətləndirmə üzrə mükəmməllik mükafatı", "Ən yaxşı proqram idarəetməsi təşəbbüsü", "Ən yaxşı rəqəmsal platforma" və digər 10-dan artıq mükafatına layiq görülüb. Ötən il həmçinin "Beynəlxalq Türk Dünyası Elm Mükafatları" üzrə (red. 2. Uluslararası Türk Dünyası Bilim Ödülleri) "İqtisadiyyat elmi" nominasiyasında ali mükafata layiq görülmüşük. Qlobal beyin mərkəzlərinin, o cümlədən Asiya İnkişaf Bankı İnstitutu, CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) İnstitutu, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP), Beynəlxalq Valyuta Fondunun təşkil etdiyi konfranslarda İİTKM-in timsalında Azərbaycanın monitorinq və qiymətləndirmə institutu ən yaxşı təcrübə kimi təqdim olunub. Azərbaycanın hökumət texnologiyasının (GovTech) qlobal səviyyədə əldə etdiyi ali mükafatlar Prezident İlham Əliyevin iqtisadi islahatlar, o cümlədən, proqram idarəetməsi və nəticəəsaslı büdcə sahəsində apardığı uğurlu siyasətə verilən yüksək beynəlxalq qiymətdir. Dövlət başçısının yaratdığı iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün yaxşı bir nümunədir. Ötən il İİTKM-də Azərbaycanın nümunəvi dövlət proqram idarəetməsi təcrübəsi Qazaxıstan, Özbəkistan, Vyetnam, Qırğızıstan və digər ölkələrdən olan həmkarlarımızla bölüşülüb.

- Qlobal miqyasda tanınmış beyin mərkəzlərindən biri kimi elmi-analitik fəaliyyətinizlə bağlı məlumat verə bilərsinizmi?

- 2025-ci il bu istiqamətdə də kifayət qədər məhsuldar keçib. İİTKM-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və CAREC İnstitutu ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn "Orta Dəhliz: cari reallıqların təhlili və perspektivlərin dəyərləndirilməsi" (red. The Middle Corridor: Navigating Current Realities and Embracing Future Prospects) kitabı Rumıniyada nəşr edildi. 10 ölkədən 22 alimin yazdığı kitabı Avropanın nüfuzlu elmi nəşriyyatı olan Tarqu Mureş Universitet Nəşriyyatı ingilis dilində çap edib.

"Orta dəhliz" kitabı Brüsseldə Avropa Asiya Araşdırmaları İnstitutunda (EIAS) keçirilən konfransda, 34-cü Polşa İqtisadi Forumunda, Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində və Yaponiyanın Tokio şəhərində keçirilən Asiya Beyin Mərkəzləri Şəbəkəsinin Forumunda təqdim olundu.

Daha bir uğurumuz: "İslam ölkələrinin iqtisadi potensialı" (red. The Economic Potential of Islamic Countries) adlı iki cildlik tədqiqat əsərimizin 1-ci cildini Böyük Britaniyanın nüfuzlu "Emerald" nəşriyyatı çap etdi. Nəşri "Scopus" indeksləşdirib və o, İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının geniş elmi təhlili kimi xüsusi əhəmiyyət kəsb edir. Kitab 20-dən çox İslam ölkəsindən nüfuzlu beyin mərkəzlərini təmsil edən 47 müəllifin iştirakı ilə yazılıb.

Bunlarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə "Halal iqtisadiyyat", Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığımız "İctimaiyyətlə əlaqələrin əsasları", Azərbaycan Mərkəzi Bankı, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə birgə əməkdaşlığımız nəticəsində "InsurTech" adlı dərs vəsaitlərini nəşr etdirdik. Keçən il Zəfər Günü ərəfəsində isə "Invest in Karabakh and Eastern Zangezur" (Qarabağ və Şərqi Zəngəzura investisiya) mövzusunda növbəti nəşrimiz dərc olundu.

- Mərkəzin innovativ layihələrinin fəaliyyətində hansı irəliləyişlər var?

- Ötən dövrdə Mərkəzin elektron platformaları vasitəsilə iqtisadi fəallığın dəstəklənməsi davam etdirilib. "Azexport" portalı üzərindən 3 200 ixrac sifarişi, "Enterprise Azerbaijan" portalında 141 startap15 ölkə üzrə iştirak qeydə alınıb. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə isə 3 451 sahibkar müraciəti daxil olub.

"Enterprise Azerbaijan" portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramını uğurla başa vurduq. Proqramda iştirak etmək üçün Mərkəzi Asiya və Qədim İpək yolu üzərində yerləşən ölkələrdən (Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan, Çin) 140-dan artıq startap müraciət etmişdi. Həmin startapların 126-sı proqram boyunca təlim və mentorluq xidmətlərinə cəlb olundular. Onlara ABŞ, Cənubi Koreya, Çin, Malta, Almaniya, Türkiyə və Azərbaycandan nüfuzlu mütəxəssislər mentorluq etdilər. Finalda keçirilən "Demo Day" tədbirində isə münsiflər heyəti ən yaxşı startapları qalib elan etdilər.

Ötən il bizim tərəfdaşlığımızla Bakıda "II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi" də keçirildi. 10 ölkədən 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər məhsullar və qabaqcıl texnologiyalar bu sərgidə nümayiş etdirildi.

- Beyin mərkəzləri həm də insan kapitalının inkişafında mühüm rol oynayır. Bu sahədə hansı işləri görürsünüz?

- Ömür boyu öyrənmə prinsipinə uyğun olaraq, əməkdaşlarımızın bilik və bacarıqlarının artırılması, onların xarici təcrübəni yaxından öyrənməsi üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət ayırırıq. Təkcə ötən il əməkdaşlarımız 40-dan çox təlimdə dünyanın aparıcı beyin mərkəzlərində təcrübə keçiblər. Onlar müasir iqtisadi idarəetmə, rəqəmsal transformasiya, makroiqtisadi modelləşdirmə, süni intellekt, layihə idarəetməsi və davamlı inkişaf kimi sahələr üzrə bilik və bacarıqlarını artırıb, Azərbaycanda aparılan islahatlar və inkişaf layihələri barədə təqdimatlar ediblər. Hazırda Mərkəzimizdə yaradıcı heyətin yarıya qədəri alimlik dərəcəsinə malikdir və qalan əməkdaşlarımız da elmi dərəcə almağa namizəddirlər.

İİTKM təkcə özünün deyil, həm də dövlət qurumlarının kadr potensialını gücləndirmək üçün beynəlxalq tərəfdaşları ilə birlikdə fəaliyyətlər həyata keçirir. Məsələn, ötən il Mərkəzimizdə ənənəvi olaraq Beynəlxalq Valyuta Fondu (BVF) ilə birlikdə "Makroiqtisadi diaqnostika" mövzusunda, Çinin Kiçik və Orta Bizneslərin İnkişafına Dəstək Mərkəzi ilə birlikdə "Süni intellekt həlləri ilə səhiyyədə rəqəmsal transformasiya" mövzusunda seminarlar keçirilib.

Xəbər lenti