Qazaxıstan parlamenti Məclisinin deputatları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) protokollarının ratifikasiyası haqqında iki qanun layihəsinə baxırlar.
"Report"un Qazaxıstan bürosunun məlumatına görə, sənədlər qoşunların yerləşdirilməsi və hərbi daşınmaların həyata keçirilməsi qaydalarının yenilənməsinə yönəlib.
Qanun layihələrindən biri KTMT-nin kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birləşmələrinin statusu haqqında 10 dekabr 2010-cu il tarixli sazişə dəyişikliklər edilməsi haqqında protokolun ratifikasiyasını nəzərdə tutur.
Saziş kollektiv təhlükəsizlik sisteminin birləşmələri, qüvvə və vasitələrinin iştirakçı dövlətlərin ərazisində müvəqqəti mövcudluğunun hüquqi əsaslarını və onların statusunu müəyyən edir.
Dəyişikliklər tərəflərin ərazilərinə birləşmələrin göndərilməsi üçün əsasları genişləndirir. Bunlara böhran vəziyyətlərinin qarşısının alınması, humanitar yardımın göstərilməsi və qəfil yoxlamaların keçirilməsi daxildir.
İkinci qanun layihəsi hərbi və digər birləşmələrin, eləcə də hərbi təyinatlı məhsulların daşınmasının təşkili və təminatı ilə əlaqəli hüquqi bazanın təkmilləşdirilməsinə yönəlib.