Son 6 gündə ABŞ-nin müxtəlif ərazilərində yağan güclü qar nəticəsində onlarla insan ölüb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Yanvarın 12-dən davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatdakı şaxtalı hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 21-ə çatdığı bildirilir.
Səhiyyə qurumları və yerli orqanlar Tennessi ştatında 7 nəfərin öldüyü bildiriblər. Digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.
Meteoroloji xidmətlər, Nyu-Yorkun Kanada ilə sərhəddəki Buffalo şəhərində qarın hündürlüyünün 75 santimetri ötdüyünü, nəqliyyat vasitələrinin hərəkətinin demək olar, qeyri-mümkün olduğunu, küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.
Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.
Uçuş qrafikini izləyən “FlightAware” saytının məlumatına görə, bu gün ABŞ-də 1 090 reys ləğv edilib, 4 min 221 reys gecikib.
ABŞ-də elektrik kəsilməsi statistikasını əks etdirən “Poweroutages” saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.
Bizim Telegram kanalımıza abunə olun