İtaliya, Almaniya və Fransa Avropa İttifaqının (Aİ) digər ölkələrinə Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün hərbi missiya yaratmağı təklif etmək niyyətindədir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.
Diplomat vurğulayıb ki, İtaliya, Fransa və Almaniyanın təşəbbüsü Qırmızı dənizdə ticarət gəmiçiliyini qorumaq üçün Hörmüz bоğazında həyata keçirilən “Agenor” hərbi əməliyyatın genişləndirilməsini nəzərdə tutur.
Tayaninin sözlərinə görə, üç ölkənin təklifi yanvarın 22-də Aİ-nin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq və bu təşəbbüsə Aİ-yə üzv olmayan dövlətlər də qoşula bilər.
İtaliya XİN başçısı missiyanın ən qısa zamanda işə başlaya bilməsi üçün dərhal siyasi qərarın veriləcəyinə ümid etdiyini deyib. Tayani, həmçinin tezliklə Livan, İsrail və Fələstinə səfər edəcəyini də söyləyib.
Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Yəməndəki husi üsyançıları İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstində əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəklərini bildiriblər. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
Bizim WhatsApp kanalımıza abunə olun