IMG-LOGO

Altı il ərzində "Dəmirli" mis yatağından Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq

13 Jan 2026 16:46 5 baxış
IMG

2025–2030-cu illər ərzində Ağdərə rayonunun Canyataq kəndində yerləşən "Dəmirli" Filiz Emalı Kompleksindən Çinə 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton misin ixracı nəzərdə tutulur.

"Report"un məlumatına görə, bu barədə kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilib.

Qeyd olunub ki, bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır: "İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək".

Bildirilib ki, "Dəmirli" Filiz Emalı Kompleksinin yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb. Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub.

Qeyd olunub ki, "Dəmirli" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda "Dəmirli" mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

1993-cü ildən Ermənistanın işğalı altında olan "Dəmirli" mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 %-i qanunsuz şəkildə hasil edilib.

Xəbər lenti