"İraq Kürdüstanına zərbə ölkəyə hücum demək deyil".
“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, İran ordusunun İraq Kürdüstanı ərazisində həyata keçirdiyi zərbə İsrail kəşfiyyatına yönəlib və İraqa hücum deyil: “Biz İraq Kürdüstanındakı "Mossad" bazasını vurduq. Bu, İraqı vurmağımız demək deyil”.
Nazirin sözlərinə görə, İran İraqın ərazi bütövlüyü və suverenliyinə hörmət edir: “İran və İraq arasında təhlükəsizlik sazişi var, ona görə İraq Kürdüstanı hökuməti sərhəd təhlükəsizliyini təmin etməyə borcludur. Bizim isə özümüzü müdafiə hüququmuz var”.
Qeyd edək ki, ötən gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirib. Ərbildə yeddi-səkkiz güclü partlayış olub. Hücuma görə məsuliyyəti öz üzərinə götürən İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, “kəşfiyyat qərargahları”na və “anti-İran” qüvvələrinə qarşı ballistik raket zərbələri endirilib.
Bizim Telegram kanalımıza abunə olun