IMG-LOGO

IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub

13 Jan 2026 15:41 3 baxış
IMG

IDEA İctimai Birliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün təlim sessiyaları təşkil edilib.

"Report" xəbər verir ki, təlim IDEA-nın ətraf mühit üzrə ekspertlərinin metodiki tövsiyələri əsasında tərtib olunub.

Üç günlük proqramı əhatə edən təlim Azərbaycanda ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.

Təlim proqramı ekoloji davranış və məsuliyyətli turizm qaydalarının tətbiqi, təbiətin mühafizəsi,bbiomüxtəlifliyin qorunması, turizm sektorunda fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi və turistlərin ekoloji məsuliyyətinin daha da artırılmasına yönəlmiş müxtəlif mövzuları əhatə edib.

Tədbirdə proqramı müvəffəqiyyətlə başa vuran 28 nəfər iştirakçıya sertifikat təqdim olunub.

Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm yerli, həm də beynəlxalq səviyyədə ekoloji çağırışlara yönələn dayanıqlı mexanizmlərin formalaşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Bu təşəbbüslər cəmiyyətin, xüsusilə gənc nəslin ekoloji maarifləndirilməsi vasitəsilə ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılmasına və ekosistemin gələcək nəsillər üçün qorunub saxlanılmasına xidmət edir.

Xəbər lenti