2026-cı ildə gecə turizmi üçün dünyanın ən yaxşı şəhəri kimi Roma elan olunub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, İtaliyanın paytaxtı Roma reytinqdə əlli məşhur turizm istiqamətini geridə qoyaraq birinci yeri tutub. Mütəxəssislər izah edirlər ki, “gecə turizmi” dedikdə sərin vaxtlarda, axşam və gecə saatlarında keçirilən, qeyri-adi təəssüratlar üzərində qurulan səyahətlər nəzərdə tutulur. Bir çoxları bunu dərhal astroturizmlə ulduz müşahidələri, “qaranlıq səma” qoruqları və kosmik hadisələrlə əlaqələndirsə də, anlayış əslində daha genişdir.
Gecə turizminə axşam və gecə şəhər turları, gün batımından sonra məşhur görməli yerlərin ziyarəti, gecə muzeyləri, mədəni tədbirlər, açıq havada kinogöstərişlər və hətta alaqaranlıqda keçirilən safari turları daxildir. Qeyd olunur ki, son bir il ərzində bu istiqamət səyahət sahəsində nəzərəçarpacaq trendə çevrilib.
Baqaj saxlanması platforması Radical Storage dünyanın 50 şəhərini dörd əsas meyar üzrə təhlil edib:
gecə təəssüratları və fəaliyyətlər (gecə ekskursiyalarının və tədbirlərin sayı) – 40 faiz;
təbii amillər (işıq çirklənməsi səviyyəsi və gün işığının orta müddəti) – 40 faiz;
təhlükəsizlik (yerli sakinlərin qiymətləndirməsinə görə gecə gəzintilərinin təhlükəsizliyi) – 10 faiz;
nəqliyyat (gecə nəqliyyatının əlçatanlığı və qiyməti) – 10 faiz.
Məqalədə qeyd olunur ki, nəticədə 2026-cı ildə gecə turizmi üçün ən yaxşı şəhər gözlənilmədən Roma olub. İtaliya paytaxtı 10 mümkün baldan 6,07 ümumi indeks toplayıb və xüsusilə “təəssüratlar” kateqoriyasında 9,2 balla yüksək nəticə göstərib. Roma turistlərə 305 gecə turu təklif edir və onların bir çoxu səyahətçilər tərəfindən yüksək qiymətləndirilir. Bu turlara Kolizey ətrafında axşam gəzintiləri, açıq havada kinoseanslar, gecə bazarları və gün batımından sonra keçirilən mədəni tədbirlər daxildir.
2026-cı ildə gecə turizmi üçün dünyanın ən yaxşı 10 şəhəri siyahısı belədir:
Roma, İtaliya
Amsterdam, Niderland
Tromso, Norveç
Rovaniemi, Finlandiya
Tokio, Yaponiya
Dubay, Birləşmiş Ərəb Əmirlikləri
London, Böyük Britaniya
Paris, Fransa
Marakeş, Mərakeş
Ko Panqan, Tailand
Travel gecə turizmi üçün şəhərlər