Britaniyalı lotereyada külli miqdarda pul udan qadın tezliklə ərindən boşanıb və ailəsindən ayrılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Şotlandiyanın Dandi şəhərindən olan Gilliyan Bayford və əri 2012-ci ildə “EuroMillions” lotereyasında 148 milyon funt sterlinq udub. Əvvəlcə britaniyalı bu pulla bütün problemlərini həll edəcəyinə qərar verib, lakin sonradan problemlərin sayının daha da artdığını etiraf edib.
Bir il üç ay sonra o, ərindən ayrılıb, çünki onlar “belə kapitalı idarə etmək stresinə dözə bilməyiblər”. Tezliklə qadının ailəsi ilə münasibətləri pisləşib, baxmayaraq ki, o, öz etirafı ilə ailəsinə təxminən 20 milyon funt sterlinq xərcləyib. Bayford bütün ailə borclarını ödəyib, həmçinin daim iş macəralarına qarışan atasına və qardaşına yüz minlərlə pul verib. “Atam və qardaşım bir-bir şirkət açıb, sonra bağlayıblar. Mən onların bütün borclarını ödədim”, - deyə lotereya qalibi bildirib.
O, valideynlərini səyyar evdən 517 min funt sterlinqə penthausa köçürüb. Həmçinin qardaşına yeni biznesə başlamaq üçün təxminən iki milyon funt-sterlinq verib.
Eyni zamanda Bayford iddia edir ki, qohumları onu pul inəyi kimi qəbul edib və əslində onu ailədən kənarlaşdırıblar. Məsələn, bir qardaş gizli şəkildə sevgilisi ilə evlənib və Bayfordu toya dəvət etməyib. Ata, qadının dediyinə görə, daim onun uduşlarına sahib çıxmağa və biznesini əlindən almağa çalışıb.
“Bu, çox məyusedici idi. Pul hamımızı xoşbəxt etməli idi. Lakin qohumlar tələbkar və tamahkar oldular”, deyə Bayford şikayətlənib. Sonda o, bütün şikayətlərini ailəsinə açıq şəkildə bildirib və onlarla münasibəti kəsib.
Milyonerin anası iddia edir ki, onun ailəyə verdiyi iddia edilən 20 milyon funt-sterlinq haqqında şayiələr kobud şəkildə şişirdilir. O, qızını da nəvələri ilə ünsiyyət qurmağı qadağan etməkdə ittiham edib.
Bayford isə qohumlarını yalan danışmaqda günahlandırıb. “Onlardan çıxan hər söz yalandır. Onlara xoşbəxtlik arzulayıram, amma indi heç bir barışıq olmayacaq”, qadın bildirib.